Azərbaycan dili dövlət kimliyimizdir!

Yeni nəsil Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən olan Aqşin Yeniseyin istər bədii, istərsə də publisistik yaradıcılığını böyük zövqlə oxuyuram. İndi qarşıma bir insan kimi də xatirinə dünyalar qədər ehtiram bəslədiyim Aqşinin Azərbaycan dilinin "Oğuz dili" adlandırılması ilə bağlı təklifi çıxdı. Bir müddət əvvəl isə Ağqoyunlu hökmdarı Uzun Həsənə Türkmənistanda heykəl qoyulması sosial şəbəkələrin Azərbaycan seqmentində müəyyən etirazlar doğurduğundan bu məsələyə münasibət bildirməyi faydalı sayıram.

Əvvəlcə onu deyim ki, mən türklərin Azərbaycan coğrafiyasında avtoxon olması konsepsiyasını qəbul etmirəm. Şumerlər və türklər arasında eynilik axtaranlara da ciddi yanaşa bilmirəm. Biz türklər Altay mənşəliyik. Azərbaycana ayağı dəyən ilk türk, daha doğrusu prototürk Alp Ər Tunqadır. E.ə. 1-ci minilliyin başlarında yaşamış skif hökmdarı Bərdənin, Gəncənin və Güney Azərbaycanda neçə-neçə şəhərin əsasını qoyub. Alp Ər Tunqa yunan və Roma qaynaqlarındakı Partatua, fars poeziyasında Əfrasiyabdır. Partatua-Partav-Bərdə bu gün toponim şəklində yaşayır. Bu barədə AMEA-da çox ciddi tədqiqatlar aparılıb. Eramızdan əvvəl və sonra indiki Azərbaycan coğrafiyasına türklər daim axın ediblər. İslam yayılana qədər və həmin ərəfədə hunlar və xəzərlər Azərbaycanda əsas etnik güclərdən biri olub. Ağ hunların bir qolu olan ağaçərilər müasir Azərbaycan dilinin formalaşmasına önəmli təsir göstərib. Məhz onların sayəsində səlcuqlularla Azərbaycana gələn oğuzların dili bölgəmizdə xüsusi dialektə çevrilib. Orta çağlarda dillər "milli şüurun ifadəsi" deyildi. Çünki millətlər kapitalizmin əsəridir. Odur ki, Dədə Qorqud dastanı da, Uzun Həsən də bizim olduğu qədər türkmənlərin, türkmənlərin olduğu qədər də digər türklərindir. Çünki orta çağlarda millət yox, tayfa anlayışı əsas idi. Türkmənlər və türkmənlərin daxil olduğu oğuz qrupu bizim etnogenizimizin formalaşmasında mühüm yer tutur, ancaq yeganə komponent deyil. Qıpçaqlar, moğollar və digər qruplar da iştirakçıdırlar. Üstəlik, qeyri-türklər də zaman-zaman xalqımızla qaynayıb, qarışıb.

Biz bir ULUS olaraq tarix səhnəsinə 19-cu əsrdə və Azərbaycan coğrafiyasında çıxmışıq. Daha əvvəl çıxa bilməzdik, çünki dünyada millətləşmə prosesi məhz bu zaman gedirdi. 20-ci əsrin əvvəllərində respublika quraraq "dövlət milləti" statusumuzu dünyada təsdiq etmişik. Azərbaycan türkləri olaraq AXC-nin qurucu etnosuyuq. Ancaq az sonra məlum oldu ki, Azərbaycan türklərindən ibarət Milli Şura heç də Azərbaycan əhalisinin tamamının iradəsini əks etdirmir. Ona görə parlament çağrıldı, etnik kimlik arxa plana keçirildi və xalq məfhumu önə çıxdı. Azərbaycan dili hazırda bütün Azərbaycan xalqının ortaq dövlət dilidir və bu dilin nə adını, nə ədəbiliyini, nə də qrammatikasını şübhə altına almağa gərək yoxdur. Anadoluda yaşayan türklər millətləşmə prosesindən ayrı, orta Asiyada və Rusiyada yaşayan türklər ayrı, bizlər isə ayrı siyasi kimlik olaraq çıxmışıq. Kökümüz eynidir, ancaq siyasi və dövlət kimliyimiz fərqlidir. Bu eynilik kimi, bu fərq də bizim əsas xüsusiyyətimiz, identifikasiyamızdır. İşi ora-bura çəkməyə lüzum yoxdur. Biz Azərbaycanlıyıq, dilimiz də Azərbaycan dilidir!

Taleh ŞAHSUVARLI

Close menu