- Qərb
- 16 May 22:47
- 942
Tramp Yaxın Şərq turunu başa vuraraq BƏƏ-dən ayrılır

ABŞ prezidenti Donald Tramp Ər-Riyad, Doha və Əbu-Dabiyə etdiyi turdan sonra Birləşmiş Ərəb Əmirliklərini tərk edib.
Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Trampın Fars körfəzinə dörd günlük səfəri ABŞ və Səudiyyə Ərəbistanı arasında 600 milyard dollar dəyərində sazişlər və investisiya öhdəlikləri, həmçinin Qətər Hava Yollarına 210-a qədər geniş gövdəli Boeing təyyarəsinin tədarükü üçün müqavilə ilə nəticələndi.
Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasındakı müqavilələr, digər məsələlərlə yanaşı, iki dövlət arasında əməkdaşlıq tarixində ən böyük müdafiə müqaviləsi olan 142 milyard dollar dəyərində Amerika silahlarının tədarükünü nəzərdə tutur.
Trampın Əbu-Dabiyə səfəri zamanı Amerika və Əmirlik şirkətləri arasında 200 milyard dollardan çox məbləğdə müqavilə imzalanıb. Tərəflər, həmçinin BƏƏ-yə süni intellektin inkişafı üçün Amerika şirkətlərindən ən müasir yarımkeçiricilər almağa imkan verən mexanizm yaratmaq barədə razılığa gəliblər. Bu, süni intellekt üzrə dünya lideri olmağa çalışan və yeni Amerika administrasiyasının dəstəyinə ümid edən BƏƏ üçün səfərin əsas nəticələrindən biri idi. ABŞ-nin keçmiş prezidenti Co Bayden Vaşinqton və Pekin arasında artan gərginlik fonunda müasir məlumat mərkəzlərində istifadə edilən qabaqcıl çiplərin ixracına qoyulan məhdudiyyətləri sərtləşdirmişdi.
Trampın sözlərinə görə, cümə axşamı yekunlaşan süni intellekt sazişi onun administrasiyasının BƏƏ-nin bu texnologiyaları təhlükəsiz idarə etmək qabiliyyətinə inamını əks etdirir. Müqaviləyə əsasən, Əmirliyin məlumat mərkəzləri Amerika şirkətləri tərəfindən idarə olunacaq.
Mövsüm
Aznews.az