Cəzalar sərtləşdirilsin, yoxsa alternativ yollar sınansın? - HÜQUQİ ŞƏRH

Agentliklər yazır:

“Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır”.

Bu məsələ, yəni Cinayət Məcəlləsində dəyişiklik Milli Məclisin mayın 16-da keçiriləcək iclasında müzakirə olunacaq.

Peşəkar hüquqşünaslar elə bu qısa məlumatdanca anladılar ki, söhbət qüvvədə olan Cinayət Məcəlləsinin 177-ci maddəsinin birinci bəndindən gedir.

Sözügedən bənddə nəzərdə tutulmuş məsuliyyət məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Fərz edək ki, bir vətəndaşın evindən oğurluq edilib, 2800 manat dəyərində bir bilgisayar, üstəlik 700 manat dəyərində printer aparılıb. Baş vermiş oğurluq nəticəsində vətəndaşa cəmi 3500 manat dəyərində zərər vurulub. Həmin əmələ görə ən ağır cəza iki ilə qədər azadlıqdan məhrumetmədir, indi ediləcək dəyişikliyə əsasən məhkəmə təqsirkara daha bir il artıq cəza verə bilər.

Bu, cinayət hüququ baxımdan sıradan bir məsələ deyil. Çünki azadlıqdan məhrumetmə cəzasının artırılması ilə mülkiyyətçiyə 500 manatdan çox, 5000 min manatdan az ziyan vurulduğu hallarda oğurluq əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatından çıxır və az ağır cinayət hesab olunur.

Sözün doğrusu, bu təsnifat dəyişikliyinin zəruriliyini parlamentarilər necə əsaslandırır, məlum deyil. Ancaq hüquq baxımından bir əməlin ictimai təhlükəlilik dərəcəsini əsasən üç meyar müəyyənləşdirir:

  • Cinayətkarın niyyəti və motivləri.
  • Cinayətin zərərçəkənin həyatına təsir dərəcəsi.
  • Cinayətin həyata keçirilməsi metodu.

Bu kriteriyalar nəzərə alınmadan yalnız maddi meyarlara əsaslanaraq qərar vermək hüquqi sistemdə balanssızlıq və Cinayət Məcəlləsinin əsaslandığı ədalət prinsipini poza bilər.

Yuxarıda fərz etdiyimiz hala qayıdaq. Mağazadan oğurlanmış təzə bir bilgisayarla, deyək ki, bir alimin notbukunun oğurlamasının ictimai təhlükəlilik dərəcəsi eyni deyil. Birinci halda oğru əmlakın sahibinə ancaq maddi ziyan vurursa, ikinci halda bir alimin həm öz karyerasına, həm də bütün cəmiyyətin, bəlkə də bəşəriyyətin gələcəyinə ciddi təsir göstərə biləcək tədqiqatlarının da oğurlanmasından söhbət gedir.

Buradan iki nəticə çıxır.

Əvvəla, bir əməlin ictimai təhlükəlilik dərəcəsi sadəcə cəzanın artırılması ilə dəyişə bilməz və dəyişməməlidir.

İkincisi, bir əməlin ictimai təhlükəlilik dərəcəsi sadəcə maddi amillə ölçülə bilməz.

Milli Məclisin gündəliyinə daxil edilmiş dəyişiklik təklifi bu baxımdan Azərbaycanın Cinayət Məcəlləsini təkmilləşdirmək cəhdi kimi görünmür.

Belə bir dəyişiklik təklifinin edilməsi ona işarə edir ki, cəmiyyətdə oğurluq halları artıb. Əks halda, qanunun dəyişdirilməsinə gərək olmazdı.

Amma cəzanı sərtləşdirməklə bu qəbildən olan cinayətlərin qarşısını almaq mümkündürmü?

Oğurluq cinayətlərinə görə cəzaların sərtləşdirilməsi mülkiyyət hüquqlarının qorunması və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından ancaq və ancaq zahirən əhəmiyyətli addım kimi görünə bilər. Təcrübə göstərir ki, cəzaların ağırlaşdırılması çox vaxt problemi həll etmir. Oğurluq kimi cinayətlərin genişlənməsinin əsl səbəbləri cəmiyyətin alt qatlarında gedən proseslərdən qaynaqlanır. Diqqəti cəzaların ağırlaşdırılmasına deyil, məhz o dib dalğalara yönəltmək lazımdır.

Digər tərəfdən, sərt cəzalar heç də həmişə caydırıcı təsir yaratmır. Bütün orta əsrlər boyu oğurluq edənlərin əli kəsildi, amma nəticədə mülkiyyət hüququ belə hallardan sığortalanmadı. Ümumiyyətlə, cinayətkarlar adətən öz planlarını alacaqların cəzanın ağırlığına, yaxud yüngüllüyünə əsasən planlaşdırmırlar. Daha çox tutulma ehtimalını azaltmaq üçün önləyici tədbirlər görürlər. Odur ki, cəzaları sərtləşdirməkdəndirsə, cinayət hadisələrinin üstünün açılma mexanizmlərinin gücləndirilməsi barədə düşünmək daha faydalı olar.

Başqa bir tərəfdən, cəzaların sərtləşdirilməsi cinayətkarların islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına kömək etmir. Əksinə, daha uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları cinayətkarları cəmiyyətə daha çox yadlaşdırır və düşdükləri mühit onları təkrar cinayətlərə yönləndirir.

Eyni zamanda onu da düşünmək lazımdır ki, azadlıqdan məhrumetmə müddətlərinin artması dövlətin pentensiar sistemə daha çox vəsait xərcləməsinə səbəb olur. Bu resurslar sosial proqramlara, təhsilə, iş yerlərinin yaradılmasına və profilaktik tədbirlərə yönləndirilsə, daha səmərəli olmazmı?

Nəhayət, Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı hələ 2017-ci ildə imzaladığı sərəncam var. Bu sərəncamda cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi tövsiyyə olunur.

Əslində, məsələ də elə tam olaraq budur. Prezidentin mütərəqqi yanaşması ortada olduğu halda, qanunvericilər Cinayət, İnzibati Xətalar və digər məcəllələrə tez-tez dəyişikliklər etməklə, “cəzaların sərtləşdirməklə, cərimələri artırmaqla, doğrudanmı, hüququn aliliyinin təmin oluna biləcəyini düşünürlər?

Taleh ŞAHSUVARLI