- İşin içi
- 16 May 14:00
- 1 844
Zahid Oruc: "Mərkəzləşdirilmiş istilik sisteminə keçid qaz sərfiyyatını 40 %-dək azalda bilər"

Hazırda Azərbaycanda qaz abonentlərinin sayı 2,6 milyona çatır və bu göstərici dövlətin son illər ərzində əhalinin mavi yanacaqla təmin olunması istiqamətində gördüyü ardıcıl və sistemli işlərin nəticəsidir.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün parlamentdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O hesab edir ki, bu nailiyyətlərlə yanaşı, istilik təchizatı ilə bağlı yaranmış xaotik vəziyyət ciddi narahatlıq doğurur və dərhal həllini tapmalıdır.
Z. Orucun sözlərinə görə, bir zamanlar şəhərsalma prosesinin plansız və standartlara zidd aparılması nəticəsində çoxmənzilli yaşayış binalarının istilik sistemləri mərkəzləşdirilməmiş, əvəzində hər bir mənzil üçün fərdi kombi qurğuları quraşdırılıb. Alternativ hesablamalara əsasən, hazırda Bakı şəhərində qaz istifadəçisi olan 950 mindən artıq ev təsərrüfatının ən azı 600 minində kombi sistemi mövcuddur.
Bu vəziyyət, deputatın fikrincə, bir sıra təhlükələr və mənfi nəticələr doğurur: "Kombilərin işləməsi zamanı metan qazının təxminən 20 %-i ətraf mühitə buraxılır. Ölkə üzrə illik təxminən 13 milyard kubmetr qaz sərf olunduğu halda, yalnız paytaxtda bu rəqəm 5 milyard kubmetrdən çoxdur. Mərkəzləşdirilmiş sistemə keçid bu istixana qazlarının əhəmiyyətli dərəcədə azalmasına, beləliklə Bakı şəhərinin “yaşıl şəhər” statusuna real töhfə verməsinə səbəb ola bilərdi".
Deputat qeyd edir ki, əgər istilik mərkəzləşdirilmiş şəkildə təmin olunsaydı, bu zaman qaz sərfiyyatı 40 %-dək azala bilərdi. Nəticədə, təxminən 2,5 milyard kubmetr qaza qənaət edilə, bu resursun ixracı vasitəsilə isə ölkəyə yüz milyonlarla dollar gəlir gətirilə bilərdi.
"Hər il dəm qazından baş verən ölüm halları fərdi istilik sistemlərinin təhlükəliliyini bir daha gündəmə gətirir. Mərkəzləşdirilmiş sistem bu riskləri də minimuma endirə bilər. Ailə büdcələrinə yük baxımından, vətəndaşlar kombi qurğularının alınmasına və texniki xidmətinə artıq 1 milyard manatdan çox vəsait xərcləyiblər. Bu isə iqtisadi baxımdan əlavə və yersiz xərclər deməkdir", - Z. Oruc qeyd edib.
Deputat bu vəziyyəti istilik təchizatı qurumlarının zəiflədilməsi və hətta hissə-hissə ləğvi ilə əlaqələndirərək, bu siyasətin davam etməsinin gələcəkdə yeni problemlər yaradacağına diqqət çəkir. Onun sözlərinə görə, gələcəkdə bərpa olunan enerjinin ev təsərrüfatlarına inteqrasiyası zamanı 100 minlərlə köhnəlmiş kombinin utilizasiyası məsələsi ortaya çıxacaq və bu, ölkə iqtisadiyyatı və ekologiyası üçün əlavə yükə çevriləcək.
Z. Oruc hökuməti və Milli Məclisi yeni tikinti siyasətində istilik təchizatı üzrə vahid norma və standartlar tətbiq edilməsinə çağırıb: "Hər bir bina və ya yaşayış massivi üçün mərkəzləşdirilmiş qazanxana sistemləri məcburi şəkildə planlaşdırılmalıdır".
Onun fikrincə, bu, həm təhlükəsizliyin təmin olunmasına, həm də enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.