Azərbaycanın Misaq-i-Milli davası: İstiqlalımız və qürurumuz AŞPA-da səsverməyə çıxarıla bilməz!!!

“Biz Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə mümkün qədər tez etiraz etməyə hazırıq. Buna daha dözməyəcəyik”.

Bu bəyanatın müəllifi Avropa Şurasının Sosialistlər Fraksiyasının sözçüsü Frank Şvabedir.
Əgər yadınızdadırsa, ötən ilin oktyabrında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında “Dağlıq Qarabağda humanitar vəziyyət”lə bağlı təcili prosedur əsasında müzakirə keçirilmişdi.

Frank Şvabe o müzakirədə bildirmişdi ki, Azərbaycan bütün qırmızı xətləri keçib: “Heç bir üzv dövlət qırmızı xətləri keçə bilməz. Azərbaycan indi qırmızı xəttdədir. Ermənistan Respublikasının suveren ərazisinə doğru addım-addım irəliləmək Azərbaycanın bütün qırmızı xətləri keçməsi demək olacaq”.

Frank Şvabe həmçinin “Dağlıq Qarabağ ermənilərinin başına gələnlərə” də toxunmuş, “etnik təmizləmə”nin tərifini vermişdi: “Azərbaycan Laçın dəhlizini bağladı, insanlara o ərazidə gələcək olmadığını hiss etdirdi, erməniləri getməyə məcbur etdi. Biz Azərbaycandan tələb edirik ki, Dağlıq Qarabağ ermənilərinin öz evlərinə qayıtmasını təmin etsin, erməni mədəni irsini qoruyub saxlasın”.
Bu barədə göstərdiyim linkdən oxuya bilərsiniz: https://en.aravot.am/2023/10/14/335137/

23 oktyabr 2023-cü ildə isə AŞPA “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edir, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror tədbirlərini “hərbi əməliyyatlar” adlandırır, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq sərgiləyirdi. Qətnamədə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin etimadnaməsi 2024-cü ilin ilk iclasında tanımamaqla hədələnirdi.

Dünən AŞPA hədədən hərəkətə keçdi. Azərbaycan nümayəndə heyətinin mandatı səsverməyə çıxarılaraq təsdiqlənmədi. 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla AŞPA Azərbaycana qarşı öncədən planlaşdırdığı məkrli addım atdı. Almaniyalı deputat Frank Şvabe təşəbbüsün formal müəllifidir. AŞPA-nın türklərə və islama nifrət edən deputatlarının tuman kimi başına çəkdiyi pərdənin arxasında Fransa və Almaniya tandemi dayanır. AŞPA-nın sabiq və cari prezidentlərinin əleyhimizə səs verməsi həm təşkilat rəhbərliyinin mövqeyini ifadə edir, həm də onların haradan sifariş almasından.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirməsində haqq qazandırmaq cəhdləri əbəsdir. Bu təşəbbüs nə iddia edildiyi kimi 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etmək üçün AŞPA-ya dəvətnamə göndərilməməsi, nə ölkədə “siyasi məhbus”ların və işgəncələrin olması ilə bağlıdır.

AŞPA və qurumu əlində oyuncağa, təzyiq alətinə çevirmiş Fransa, Almaniya, onlara ləbbeyk deyən Avropa Şuraçıları Azərbaycanın müstəqil dövlət kimi xarakteri,Ş Qarabağın azad olunması, suverenliyini bütün ərazilərində tam bərpa edilməsi faktı ilə barışa bilmirlər. Ermənistana hər vasitə ilə dəstək olmaq üçün Azərbaycana qarşı səlib yürüşünə start verilib.
Odur ki, Azərbaycan nümayəndə heyəti xarakter nümayiş etdirərək AŞPA-da fəaliyyətini dayandırması barədə bəyanat qəbul etdi. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər.

Məsələnin bu yerə çatmasının bütün məsuiliyyəti xaçlıların üzərinə düşür. On illərdir qardaş Türkiyənin Avropa İttifaqına daxil olmasını əngəlləyənlər Azərbaycanın Avropa Şurasındakı tribunadan məhrum etmək üçün əllərindən gələni etdilər. Bundan sonra Azərbaycanın bir dövlət olaraq təzyiqlərə boyun əyməsi həm milli qürur və ləyaqətimizin alçaldılması ilə razılaşmaq, həm də Qarabağla bağlı erməni revanşizminə qapı aralamaq olardı. Avropa Şurasını Azərbaycan üçün cəlbedici edən ilk növbədə Qarabağ münaqişəsi idi. Ən müxtəlif bəhanələrə Avropa Şurası bir dəfə yaralı barmağımızı sarımadı, özünü münaqişənin çözüm platforması olaraq görmədi. Azərbaycan BMT qətnamələrini özü yerinə yetirərək ərazi bütövlüyünü təmin etdi. Bundan sonra ölkəmizə, xalqımıza, müzəffər Ali Baş Komandanımıza qarşı Frank Şvabelərin, Cozef Borellərin əli və dili aparılan kampaniyanı “Qisas əməliyyatı” olduğunu görməmək mümkün deyil. Azərbaycan Misaq-i- Milli davası aparır. Fəqət indi 20-ci əsrin əvvəlləri deyil ki, Avropanın neokolonistləri bu davada Azərbaycana Ermənistanla sülh sazişini Mudros müqaviləsi şəklində imzalatsınlar.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru