AMEA-da inqilabi yenilik: Kərim Şükürovun rəhbərliyi altında yeni tarix konsepsiyası hazırlanır

Azərbaycan tarixinin dövrləşməsi ilə bağlı yeni konsepsiya hazırlanır.

Bu barədə Modern.az-a açıqlamasında Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev məlumat verib.

O qeyd edib ki, konsepsiya İnstitutun baş direktoru Kərim Şükürovun rəhbərliyi ilə hazırlanır.

“Bu konsepsiyada dövrlər Azərbaycanın dövlətçiliyi əsasında bölünəcək. Yəni artıq Marksizm konsepsiyasından imtina edirik. Hətta hazırladığımız konsepsiyada qədim dövr belə Azərbaycan dövlətçiliyi ilə qeyd ediləcək. Hazırda bir cildlik Azərbaycan tarixi hazırlanır. Burada dövrləşmə konsepsiyası öz əksini tapacaq. Bu konsepsiya Kərim Şükürovun A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna rəhbərliyə gəldiyi zamandan hazırlanmağa başlanıb. Hazırladığımız konsepsiya Azərbaycan tarixində yeni bir istiqamət olacaq”.

O qeyd edib ki, Konsepsiyaya görə dövrləşmə Azərbaycanın dövlətə qədərki dövrü ilə başlayacaq:
Sonra isə Azərbaycanın qədim dövlətləri dövrü gələcək ki, buraya Manna, Atropatena, Albaniya dövlətləri daxil olacaq. Sonrasında isə İslamaqədərki dövr qeyd ediləcək. İslamdan sonrakı dövr isə bölünəcək. Burada Azərbaycan dövlətlərinin bir-birini əvəz etməsi öz əksini tapacaq. Bu dövr Şirvanşahlar, Sacilər, Salarilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən 19-cu əsrin əvvəllərinə qədər davam edəcək. Ümumiyyətlə 19-cu əsrin əvvəllərinə qədər Azərbaycan tarixinə bütöv konsepsiyada baxılacaq. Amma bundan sonrakı dövrdə ayrı-ayrılıqda Cənubi Azərbaycan və Şimali Azərbaycan dövrləşməsi qeyd olunacaq. Sonrakı dövrü isə konsepsiyada aydın şəkildə görə biləcəyik".