Cənubi Qafqazda yeni reallığın təminatçısı- Azərbaycan Silahlı Qüvvələri! - Taleh Şahsuvarlı yazır

İkinci Qarabağ Savaşı təzəcə bitmişdi.

Səfərbərlikdən müharibəyə çağrılan zabitlərdən biri olaraq evə təzə dönmüşdüm.

2021-ci ilin ilk günləri idi.

Həm səhhətim, həm də işlə bağlı xeyli qayğılar vardı.

Doğrusu, yazı yazmaq ovqatında deyildim, təbii olaraq, kütləvi informasiya vasitələrini İzləyə bilməmişdim.

Həmkarlarımdan biri bir fincan çay içmək üçün redaksiya dəvət etmişdi.

Mövzu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük savaşda qazandığı tarixi zəfər idi.

İstənilən halda olaylara kənardan qiymət vermək bir başqadır, gerçək və amansız bir savaşın içindən çıxıb zəfəri analiz etmək bir başqa...

“Bu davanı bütün dövlətimiz- xalqımız, ordumuz, Ali Baş Komandanımız birlikdə qazandı” dedim və Azərbaycan Silahlı Qüvvələrinin zəfər savaşını öz rakursumdan şərh etdim.

Həmkarımın israrlı təklifi ilə evə dönüb bir qədər savaş dönəminin xəbərlərini araşdırdım və düşüncələrimi bir məqalə halında hazırladım.

“İlham Əliyevin Qarabağı xilas edən SMART WAR strategiyası” başlıqlı təhlil beləcə ərsəyə gəldi.

O günlərdə tarixi zəfərlə bağlı informasiyalar bolluğunda və eyforiya ortamında bu, ilk dərin analiz idi.

1995-ci ildən, yəni tam 30 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərirəm.

Məndən “ən yaxşı yazın hansıdır” deyə soruşan olsa, tərəddüd etmədən məhz bu məqaləni göstərərəm.

Bu, Qarabağın işğal altına düşməsindən sonra jurnalistikaya gəlmiş bir insan olaraq bütün fəaliyyətim boyu yazmaq istədiyim məqalə idi- həm də bu üzdən mənim üçün ayrıcalıq təşkil edir.

Nə yazmışdım?

“Hibrid müharibənin ikinci mərhələsində- 27 sentyabr 2020-ci ildən başlayan və medianın populist bir şəkildə 44 günlük müharibə adlandırdığı savaşlarda isə Azərbaycanın dövlət başçısı, sadəcə, Ermənistanı deyil, İrəvanın bütün açıq və gizli müttəfiqlərini SMART WAR – AĞILLI SAVAŞ reallığı ilə üz-üzə qoydu”

- deyə Silahlı Qüvvələrimizin mükəmməl hərbi strategiya və taktikalarına nəzər salırdım.

Daha sonra:

“Ümumiləşdirsək, Baş qazimiz İlham Əliyevin torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası, milli müstəqilliyimizin möhkəmləməsi uğrunda apardığı hibrid müharibənin, düşmənin və onun bütün havadarlarının qarşısında yaratdığı SMART WAR reallığının TARİXİ QƏLƏBƏ ilə yekunlaşmasının əsasında 7 mühüm amil dayanır”

yazaraq həmin amillərin üzərində dayanırdım.

O amillərdən birini və birincisini təkrar etmək istəyirəm:

Bütün bu reallığı yaradan, kombinasiyaları quran, koordinasiya və idarə edən öz yüksək liderlik və sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, vətən yanğısı, əzmi, iradəsi, qətiyyəti ilə İlham Heydər oğlu Əliyevdir”!

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günüdür.

Xidmət etdiyi qurumdan, mənsub olduğu qoşun növündən, rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan müsəlləhini təbrik edirəm.

Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

Dövlətimizin ərazi bütövlüyünün bərpasında və qorunmasında hər bir əsgərin, zabitin, generalın böyük xidməti var.

İkinci Qarabağ Savaşından keçən 5 ildə dönə-dönə gəldiyim qənaət isə budur ki, tarixi zəfərimizin ən böyük memarı məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanıdır.

İlham Əliyevin Qarabağ savaşında şəxsi rolu həm hərbi, həm siyasi, həm də diplomatik sahələrdəki fəaliyyətini əhatə edir. Onun rəhbərliyi ilə Azərbaycan ordusu müasir tələblərə cavab verən güclü hərbi qüvvəyə çevrildi, genişmiqyaslı islahatlar vasitəsilə yüksək döyüş qabiliyyətinə nail oldu. Prezident Əliyev müharibə öncəsi və savaş dövründə beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi, ölkənin ərazi bütövlüyünün bərpası üçün zəruri hüquqi və siyasi baza formalaşdırdı. Müharibə zamanı Ali Baş Komandan strateji tərəfdaş ölkələrlə əməkdaşlığı daha da möhkəmləndirdi, regional və qlobal qüvvələr arasında balanslı siyasət yürütdü. Onun televiziya çıxışları və xalqa müraciətləri zamanı nümayiş etdirdiyi qətiyyət hər bir vətəndaşımızda böyük ruh yüksəkliyi yaradaraq milli birliyi gücləndirdi. Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik masada qazandığı uğurlarla strateji hədəflərini sinxron şəkildə idarə etdi. Nəticədə məhz İlham Əliyevin liderliyi ilə Azərbaycan 30 illik işğalı sona çatdırdı və regionda yeni siyasi reallıqlar yaratdı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri məhz həmin yeni reallığın qarantı, təminatçısıdır!

Taleh ŞAHSUVARLI