Keçmiş məcburi köçkünlərin aşağılanması yolverilməzdir

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış Proqramı çərçivəsində mərhələli şəkildə əhalinin köçürülməsi prosesi hələ də davam edir. Bunu artıq hamımız eşidirik, izləyirik, bəzən şəxsən tanıdığımız insanların geri qayıtdığına şahid oluruq. Təbii ki, bu proses bir-iki ilə həll olunacaq məsələ deyil. Bu proses həm infrastruktur, həm təhlükəsizlik, həm də sosial uyğunlaşma baxımından zaman və səbr tələb edən böyük bir dövlət layihəsidir. Belə bir həssas dönəmdə medianın, xüsusilə də jurnalistlərin hansı sözləri necə seçməsi, nəyə necə toxunması ciddi məsələdir. Çünki cəmiyyətin ruhunu pozmaq bəzən bircə cümləlik yanlış ifadə ilə mümkündür.

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentlərini zəbt etmiş məcburi köçkünlərlə bağlı məlum çıxışlar bu məsələnin müzakirələrində qarşılıqlı ittihamlara, aşağılamağa, hətta təhqirlərə yol açıb. Söhbət təkcə fərdi fikirdən yox, açıq-aşkar ittihamedici və əsəb gərginliyinə səbəb olan, narahatlıq doğuran ifadələrdən gedir. “Kefinizdən gəlməsiniz, amma kefinizdən də getmək istəmirsiniz” ifadəsi birmənalı qarşılanmayacaq qədər ciddi ittihamla doludur. Bu ifadə sanki illərlə doğma yurdlarından ayrı düşmüş, şəraitsizlik içində yaşamış insanların vəziyyətini bir cümləyə sığışdıraraq məsuliyyəti onların üstünə atır. Bu, sosial ədalət baxımından, yumşaq desək, etik deyil, başqa bir yandan isə təhlükəlidir.

Bu çıxış yayılandan sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb, belə görünür ki, bundan sonra da günlərlə davam edəcək. Bəzi insanlar “Rədd olun gedin torpaqlarınıza!” kimi sərt, hətta təhqiredici ifadələr paylaşmağa başlayıblar. Bu, artıq fərdi fikir deyil, cəmiyyət daxilində qarşıdurma toxumlarının səpilməsi deməkdir. İllərlə birlikdə yaşamış, eyni dərdləri bölüşmüş əhalini müxtəlif qruplara bölərək şəxsi ədavətə yol aça biləcək ifadələrdən ibarət olan jurnalist ritorikası vətəndaşlar arasında həmrəyliyi zədələyə bilər.

Qanunvericilik baxımından da bu cür ifadələr ciddi narahatlıq doğurur. “Media haqqında” Qanunun 14-cü maddəsində çox açıq şəkildə yazılıb ki, jurnalist insan ləyaqətini alçalda bilməz, milli birliyi pozacaq fikirlər səsləndirə bilməz, ayrı-seçkilik yaradan ritorikadan uzaq durmalıdır. Bu, təkcə qanun deyil, həm də peşə etikasıdır. Əgər biz bu prinsipləri nəzərə almasaq, sabah hər kəs mikrofonu əlinə alıb kimisə hədəf göstərə bilər və bu da cəmiyyətin sabitliyini kökündən poza bilər.

Maraqlıdır ki, bu gün bəzi insanlar düşünür ki, "ifadə azadlığı" adı ilə istənilən söz deyilməlidir. Amma ifadə azadlığı başqa insanların hüquqlarına toxunmağa icazə vermir. Xüsusilə də köçkünlük kimi ağrılı, şəxsi və tarixi bir məsələ haqqında danışarkən. Bu insanlar təkcə torpaqlarını yox, eyni zamanda doğmalarını, həyatlarını, xatirələrini də itiriblər. Onların nə zaman, necə, hansı şəraitdə geri qayıtması dövlətin və həmin ərazilərdən olan Azərbaycan vətəndaşlarının ortaq qərarı ilə olmalıdır, başqasının ultimatum şəklindəki çıxışları ilə yox.

Beynəlxalq jurnalist etikası prinsiplərində də eyni mövqedə dayanılır. IFJ-nin (Beynəlxalq Jurnalistlər Federasiyası) qəbul etdiyi etik kodeks jurnalistin cəmiyyətdə qarşıdurma yaratmaqdan çəkinməsini, xüsusilə həssas qruplara qarşı ehtiyatlı davranmasını tələb edir. Bu, sadəcə beynəlxalq sənəd deyil, həm də vicdan məsələsidir.

Bəzi insanlar bilməlidir ki, jurnalistika yalnız informasiya vermək deyil, eyni zamanda cəmiyyətin ruhuna toxunmaq məsuliyyətidir. Bəzən bir cümlə, yanlış seçilmiş bir söz uzun illərin yaratdığı etimadı ciddi şəkildə zədələyə bilər. Bu yazını yazarkən məqsədim heç kimi ittiham etmək deyil, sadəcə bu cür çıxışların yaratdığı sosial riskləri göstərməkdir.

P.S. Qeyd edim ki, kiminsə başqasının mülkiyyət hüququna müdaxilə etmək kimi qanundan kənar hərəkətini müdafiə etmirəm. Bu hərəkəti məcburi köçkünün, yaxud ölkənin başqa vətəndaşlarının etməsi mənim üçün eyni anlam daşıyır.

Rəsul MİRHƏŞİMLİ