- Redaktor masası
- 16:13
- 3 644
Əliheydər Qarayevləri tanımaq üçün 10 ipucu

Sosial şəbəkələr hər kəsə öz fikrini ifadə etmək hürriyyəti verir. Bu, son dərəcədə gözəldir. Üstəlik mən cəmiyyətin müxtəlif təbəqələrinin elmi diskussiyalara cəlb olunmasını və bu zaman sosial medianın imkanlarından istifadə olunmasının tərəfdarıyam. Ancaq çox təəssüf ki, akademik mühitimiz yeni alətlərlə işləməyə nə hazırdır, nə də buna həvəs göstərir. Çox saydakı səbəblərdən biri də linç olunmaqdan ehtiyyat hiss etmələridir. Böyük məyusluqla deməliyəm ki, linç edən bir kütlə formalaşdırılıb. Onlar heç bir həqiqəti, elmi baxışı qəbul etmək belə istəmədən Azərbaycançılıq ideologiyasının təmsilçilərini loru dildə desək hoydu-hoyduya götürürlər. Heç yadımdan çıxmaz, Azərbaycan dili ilə bağlı youtube kanallarının birində müzakirəyə çıxmışdım. Dediyim hər sözün arxasında Azərbaycan tarixi, dili, konstitusiyası dayanırdı. Amma yazılan yüzlərlə şərhin 99%-də məni sadəcə olaraq söyürdülər. Bu, bizi düşündürməlidir.
Ona görə düşündürməlidir ki, Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş dövlət dilinin adını, funksionallığını, ədəbiliyi müdafiə edən insanların üstünə təhqirlərlə gələcək kütlə formalaşdırılıbsa, deməli, milli kimliyimizə qarşı sistemli işləyən cərəyanlar var. Üstəlik, artıq bir çox akademik dərəcəsi olanlar, tanınmış siyasi isimlər, deputatlar, məmurlar da bu cərəyanların təsirindədir və onların maraqlarından çıxış edirlər.
Həmin cərəyanların Azərbaycana, Azərbaycanlı kimliyinə, dilimizə, tariximizə, müstəqil dövlət kimi nailiyyətlərimizə qarşı apardıqları məqsədyönlü təbliğatı izlədikcə və təhlil etdikcə ortaya acı bir gerçəklik çıxır. Rusiya prezidenti Vladimir Putinin Kremlin rəsmi saytında yayımlanmış Ukrayna əleyhinə məqaləsini xahiş edirəm diqqətlə və sorğulayaraq, müqayisələr apararaq oxuyun. Bu məqalənin qısa məzmunu budur ki, Ukrayna xalqı yoxdur, Ukrayna tarixi yoxdur, Ukrayna dili yoxdur, Ukraynanın müstəqilliyi millətləşmə prosesinin nəticəsi yox, geopolitik layihədir və s. Odur ki, qətiyyən şübhə etmirəm ki, anti-Azərbaycan cərəyanlarının əsas mesajları səsləndirənlərin hansı cildə girmələrindən asılı olmayaraq, müxtəlif formalarda neo-imperial Rusiya ideologiyasının xalqımıza və müstəqilliyimizə qarşı tezisləridir.
Bu tezislərin dövriyyədə saxlanılmasında məqsədlərdən biri də Azərbaycan xalqını tarixi şüurdan məhrum etməkdir. Tarixi şüurumuz Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində çox böyük təsirlə iştirak edir. Onu da mütləq vurğulamalıyam ki, Prezident İlham Əliyevin dərin tarixə şüura malik olması bu işdə xüsusi rol oynayır. Azərbaycanlıların tarixi şüuruna qarşı əsas mübarizə uzun illər ermənilər vasitəsi və ermənilərə yaradılan imkanlarla aparıldı. Rusiya ermənilərin əli ilə torpaqlarımızı işğal etmək və xalqımızın müstəqil inkişafına mane olmaq üçün 1918-ci ildən öncə Azərbaycan dövlətçiliyinin olmadığını, tarix səhnəsinə çıxardığımız imperiyaların və böyük şəxsiyyətlərin heç birinin xalqımıza məxsus olmadığını, qısacası, keçmişimizin "qaranlıq", "zəhərli", müti olduğunu vurğulayırdılar.
Biz bu yalanları və iftiraları ifşa etdik. Qarabağ savaşında qazandığımız tarixi zəfərlə ermənilər vasitəsi ilə qurulan anti-Azərbaycan narrativlərini darmadağın etdik. Odur ki, bu məsələdə artıq ermənilər aktuallığını itirib, rol içimizdəki bilərəkdən və bilməyərəkdən, birbaşa və ya dolayı yolla Rusiyaya xidmət edən və cildini dəyişmiş Əliheydər Qarayevlərlə verilib.
Cildini dəyişmiş Əliheydər Qarayevləri necə tanımaq olar?
1. Kim bu ölkədə Babəkə qarşı çıxırsa;
2. Kim bu ölkədə Şah İsmayıla qarşı çıxırsa;
3. Kim bu ölkədə Nəriman Nərimanovun milli istiqlalımıza xəyanət yoluna çeşidli bəhanələrlə haqq qazandırırsa;
4. Kim bu ölkədə millətləşmə prosesinin nəticəsi və nailiyyəti olan ilk respublikamızın elan edilməsini və qurulmasını milli fikir müəssisəsini arxa plana keçirərək, ancaq bir nəfərin adına bağlayırsa;
5. Kim Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olarkən apardığı milli siyasəti qaralamağa çalışırsa;
6. Kim 1993-cü ildə itirilmək təhlükəsi ilə üzləşmiş müstəqilliyimizi xilas edən Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakmiyyətə gəlişini onun və Əbülfəz Elçibəyin regionçuluğu ilə izah edirsə;
7. Kim tarixdə ilk dəfə referendum yolu ilə qəbul etdiyimiz Konstitusiyamızın immunitet altında olan maddələrinə, o cümlədən Azərbaycan dilinə qarşı çıxırsa;
8. Kim Azərbaycanda islamı və multikultural dəyərləri- tarixən formalaşmış dini dəngələri qeyri-ənənəvi cərəyanların ayağına verirsə;
9. Kim Azərbaycan xalqının unikal tarixi, siyasi və hüquqi kimliyindən yaranan identifikasiyanı şübhə altına almağa cəhd göstərirsə və Azərbaycan xalqının formalaşması Stalinin adına bağlayırsa;
10. Kim İlham Əliyevin liderliyi ilə qazandığımız tarixi zəfərdən xarici qüvvələrə pay ayırırsa
BİLİN Kİ O ƏLİHEYDƏR QARAYEVDİR!!!
Taleh ŞAHSUVARLI