• Fanat
  • 3 Aprel 2019 20:10
  •  471

Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurdu

Qarşılaşma "Krılya Sovetov"un məğlubiyyəti ilə yekunlaşıb - 1:3.

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası Rusiya Premyer Liqasında XVI turdan təxirə salınmış oyununu keçirib.

Samara təmsilçisi səfərdə "Orenburq"la üz-üzə gəlib. Qarşılaşma "Krılya Sovetov"un məğlubiyyəti ilə yekunlaşıb - 1:3.

Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. 23 yaşlı hücumçu 7-ci dəqiqədə cərimə meydançasında əllə oynayıb və "Orenburq" 8-ci dəqiqədə penaltidən hesabı açıb.

Azərbaycan millisinin hücumçusu 12-ci dəqiqədə penaltidən fərqlənməklə tarazlığı bərpa edib. "Krılya Sovetov" qarşıdakı dəqiqələrdə qapısından daha iki top buraxıb.

Qeyd edək ki, Samara klubu hazırda turnir cədvəlində 24 xalla 11-ci pillədə qərarlaşıb. "Orenburq" isə 29 xalla 8-ci yerdədir. Ramil Şeydayev bu turda da fərqlənməklə cari mövsüm Premyer Liqadakı qollarının sayını 4-ə yüksəldib.

AzNews.az