“Qarabağ”ın avrokubokdakı növbəti rəqibi bəlli oldu

Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək

Ağdamın “Qarabağ” klubunun avrokubokdakı növbəti rəqibi bəlli olub.

Çempionlar Liqasında Kiprin APOEL klubuna uduzan (2:1, 0:2) Azərbaycan çempionu Avropa Liqasının pley-offunda "Linfild"lə (Şimali İrlandiya) üz-üzə gələcək.

Şimali İrlandiya çempionatının qızıl medalçısı qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) yarışdan kənarlaşdırıb. Bu komandalar arasındakı ilk görüş Monteneqroda baş tutub və "Linfild" 2:1 hesabı ilə qalib gəlib.

Şimali İrlandiyakı cavab matçında da ev sahibləri qələbə qazanıblar. "Linfild" rəqibini bu dəfə 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək. "Qarabağ" ilk matçına səfərdə çıxacaq. (APA)