• Fanat
  • 7 May 10:22
  •  2 958

AvroLiqanın finalçıları məlum oldu

Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyni adlı stadionda keçiriləcək

Ötən gecə futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

AzNews.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın “Vilyarreal” komandaları həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

"Qırmızı şeytanlar" İtaliyanın "Roma" klubunu mübarizədən kənarlaşdırıb. Öz meydanındakı ilk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb. Qarşılaşmada hesabı 39-cu dəqiqədə Edinson Kavani açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra fəallığı artıran "canavarlar" 57-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cəmi 3 dəqiqə sonra Brian Kristante 2-ci qolu "Mançester Yunayted"in qapısından keçirib. Lakin meydan sahiblərinin qələbə sevinci 8 dəqiqə çəkib. Kavani özünün və komandasının ikinci qolunu vuraraq, hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə "Roma"nın 19 yaşlı hücumçusu Nikola Zalevski qoyub.

"Vilyarreal" isə iki oyunun nəticəsinə əsasən, İngiltərənin "Arsenal" komandasından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn "sarı sualtı qayıq" Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.

Qeyd edək ki, turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyni adlı stadionda keçiriləcək.