• Fanat
  • 18 Noyabr 14:42
  •  1 444

DÇ-2022: Qətər hakimiyyəti FIFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb edib

Dünya çempionatının başlamasına iki gün qalmış Qətərin hakim ailəsinin üzvləri FIFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb edib.

"Report"un "The Times"a istinadən məlumatına görə, qərarın bu gün veriləcəyi gözlənilir.

Azarkeşlər, böyük ehtimalla, heç bir oyunda pivə ala bilməyəcəklər.

Əgər pivə istehsalçısına məhsulunu satmaq və ya onu matçlarda nümayiş etdirmək icazəsi verilməsə, ali futbol qurumu milyon dollarlıq müqaviləni pozacaq.

Hazırda bütün futbol fanatları üçün pivənin sərbəst olacağı yeganə yer Dohadakı fan zonalardır.

Təşkilatçılar stadionlarda pivənin olmaması ilə bağlı FIFA-ya ciddi təzyiq göstəriblər. Bildirib ki, bu, Qətərin hakim ailəsi Əl Taninin təkidi ilə baş verib.

İslamın dövlət dini kimi qəbul edildiyi Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qəti qadağandır. Yalnız Dohadakı bəzi otellərdə buna icazə verilir. Stadionlarda VİP yerlərdə spirtli içkilərin olacağı ehtimal olunur.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Aznews.az