Məmmədyarovdan boru kəməri açıqlaması

“Enerji ehtiyatlarımızın Azərbaycana ən çox dost münasibəti bəsləyən və dəstəkləyən ölkələrdən keçməklə nəql olunmasını istəyirik”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “Xəzər hövzəsində və ətrafında enerji balansı siyasəti” mövzusunda 13-cü illik Bakı Yay Enerji Məktəbində çıxışı zamanı deyib.

“Siyasi baxımdan yanaşsaq, boru kəməri enerji təhlükəsizliyi ilə bağlı danışıqların ən çox intensivləşdiyi yerdir. Amma bu proses yaradıcı və siyasi cəhətdən sağlam olmalıdır. Heç bir boru kəməri layihəsi siyasi cəhətdən sağlam quruluşa malik olmazsa, kommersiya baxımından uğurlu ola bilməz. Enerji təhlükəsizliyimizin arxitekturasının başqa bir təməlini, yəni boru kəmərlərinin diversifikasiyasını unutmamalıyıq. Şəbəkə nə qədər geniş olarsa, enerji axınında yaranan problemlərlə üzləşərkən daha az risklər meydana çıxar”, - nazir vurğulayıb.