Apellyasiya şikayəti təmin olunub Apellyasiya şikayəti təmin olunub
  • Flash
  • 11 Fevral 2020 15:52
  •  7 358

Əziz Orucovun şərti məhkumluğu ləğv edildi - Vəkilindən açıqlama

Apellyasiya şikayəti təmin olunub

“Bu gün “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun üzərindən şərti məhkumluq götürülüb”.

Bu barədə AzNews.az-a Vəkillər Kollegiyasının üzvü, Ə.Orucovun müdafiəçisi Zaman Səmədov məlumat verib.

“Artıq 6-cı məhkəmə idi ki, təxirə düşürdü”, - deyən vəkil qeyd edib ki, Ə.Orucovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı qərar bu gün Bakı Apelyasiya Məhkəməsində çıxarılıb: “Apellyasiya şikayətimiz şükür ki, təmin olundu. Bununla da Ə.Orucovun üzərindən şərti məhkumetmə qərarı götürüldü”.

Qeyd edək ki, Əziz Orucov 2017-ci il mayın 2-də tutulub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı bu hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Nəticədə Ə.Orucov azad edilib.

Azadlığa çıxandan sonra Ə.Orucov şərti cəzanın ləğv edilməsi və onun üzərindən məhkumluğun götürülməsi xahişi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Ancaq məhkəmə jurnalistin iddiasını təmin etməyib. Sonda o, qərardan apellyasiya şikayəti verib.

Ləman Hüseynzadə