"Burada hansısa risklər yoxdur" "Burada hansısa risklər yoxdur"
  • Flash
  • 11 Yanvar 2021 11:32
  •  5 724

"Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil"

"Burada hansısa risklər yoxdur"

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz votsapın gizlilik şərtlərini dəyişməsiylə bağlı gedən müzakirələrə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, O.Gündüz bildirib ki, Azərbaycandilli sosial media məkanı, media qurumları "WhatsApp"la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər: "Düşünürük ki, ciddi narahatlıq üçün əsaslar yoxdur. Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən "WhatsApp"dan pulsuz bəhrələnirik.

Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir.

Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, "Facebook" da, digərləri də istifadə edir.

İndi də, "WhatsApp" da "Facebook"a məxsus olduğundan bu datalardan "WhatsApp" reklam məqsədilə də istifadə olunacaq.

Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır. Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur.

Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumlarının, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Fikrimcə, vətəndaşlarımızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.

Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Yeri gəlmişkən, hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun".

Ekspertin sözlərinə görə, odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olar:

"Nəzərə alaq ki, "Telegram" da rus vətəndaşına məxsusdur. Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb.

Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin "history"si, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlumatlar nə dərəcədə qorunur?

Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb.

Yəni, tutaq ki, Rusiyada, kiminsə mobil nömrəsini "Beeline" operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billinqini isə 3500-4500 rublla almaq olar.

Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport stolundan əldə etmək olur. Kimsə-daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər.

Fikrimcə, ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı". (Qafqazinfo)

AzNews.az