Səfir Elmira Axundova Kiyevdə 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxış edib Səfir Elmira Axundova Kiyevdə 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxış edib
  • Flash
  • 29 May 2021 09:37
  •  10 855

“Azərbaycan-Ukrayna əməkdaşlığının yeni mərhələsi başlayıb”

Səfir Elmira Axundova Kiyevdə 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxış edib

“Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında əks olunduğu kimi Ukrayna xarici iqtisadi əlaqələr sahəsində Azərbaycanın vacib strateji tərəfdaşlarından biridir. Biz bunu çox yüksək qiymətləndiririk. Hər iki ölkənin iqtisadiyyatının potensial imkanları iqtisadi əlaqələrin yeni zəmində qurulmasını zəruri edir”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Kiyevdə keçirilən 28 May - Respublika Günü münasibətilə rəsmi tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Ukraynanın coğrafi mövqeyi Azərbaycanın bu ölkədən Avropaya nəqliyyat dəhlizi kimi istifadə etməsinə imkan yaradır: “Cənubi Qafqazda isə, Azərbaycan əsas beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən biridir və ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bu rolumuzu daha da artırır. Biz, suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birimizin mövqeyini hər zaman dəstəkləyirik və hər iki ölkə bunu dəfələrlə müxtəlif beynəlxalq platformalarda da nümayiş etdirib.2019-cu ilin sonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfərindən sonra əməkdaşlığımızın yeni mərhələsi başlayıb”.

Səfirin sözlərinə görə, 2019-cu ildə iki ölkə arasında ticarət həcmi 800 milyon dollardan çox olub, 2020-ci ildə isə bu rəqəm 590 milyon dollara düşüb: “Əlbəttə ki, mövcud iqtisadi əməkdaşlıq səviyyəsi bizi qane edə bilməz. Bu gün Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəniyyət və dini abidələrin bərpası kimi nəhəng bir vəzifə durur. Yenidənqurma prosesində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarında istifadə ediləcək. Azərbaycan, dost ölkələrdən, o cümlədən Ukraynadan olan şirkətləri işğaldan azad edilmiş ərazilərin reinteqrasiyası ilə bağlı genişmiqyaslı işlərə dəvət edir. Bir sözlə, həm sizin, həm də bizim qarşımızda çoxlu quruculuq işləri var”.

image description