Cənub bölgəsinə qar yağır - Fotolar

Dünən axşam saatlarından respublikanın cənub bölgəsində yenidən qar yağmağa başlayıb.


Lerik rayon fövqəladə hallar komissiyasının sədr müavini Əflatun İbrahimovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, qarın hündürlüyü rayon mərkəzində 10-12 sm, ucqar Piran zonasında isə 18-20 sm olub. Srağagün güclü küləyin törətdiyi fəsadlar isə kəskin hava şəraiti səbəbindən tam aradan qaldırılmayıb. Hazırda rayonun 20 faizinə elektrik enerjisi verilmir.

24 saylı Lerik rayon yol-istismar sahəsinin rəisi Elxan Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarla bağlı Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətində hər hansı çətinlik yaranmayıb. Qurumun texnikaları və işçi qüvvəsi yolu nəzarət saxlayır, kifayət qədər qum və duz ehtiyatı görülüb. E. Əliyev nəqliyyat vasitələrinin sürücülərinə yolda ehtiyat tədbirlərini gözdən qaçırmamağı tövsiyə edib: "Hava şaxtalı olduğu üçün yollar buz bağlayıb. Buz bağlamış yerlərə duz və qum səpsək də, 1 saatdan sonra yol yenidən donur. Ona görə də sürücülərdən xahiş edirik ki, ehtiyatlı olsunlar, sürət həddini aşmasınlar".

Qonşu Yardımlıda qarın hündürlüyü rayon mərkəzində 12-15 sm, ucqar ərazilərdə isə 15-18 sm təşkil edir. Yardımlı Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, kəskin hava şəraiti Masallı-Yardımlı şosesində nəqliyyat vasitələrinin hərəkətinə mane ola bilməyib. Rayonun ucqar ərazilərinə gedən yollar da açıqdır.

Bölgədə qar yağmaqda davam edir.

AzNews.az


image description