Leyla Əliyeva və Arzu Əliyeva boks yarışlarında - FOTO

İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününə yekun vurulub.


AzNews.az xəbər verir ki, bu gün dörddəbir və yarımfinal mərhələlərində 48-51, 57-60, 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 56, 75, 81 və 91 çəki dərəcələrində isə kişi boksçular rinqə çıxıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva arenada boksçularımızın çıxışlarını izləyiblər.

Boksçularımızdan ilk olaraq, mübarizəyə 57-60 kiloqram çəki dərəcəsində çıxış edən Yana Alekseyevna qoşulub. O, dörddəbir finalda Rusiya təmsilçisi Zinaida Dobrininanı 3:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor olacaq.

Kişi boksçularımızdan isə 75 kiloqram çəki dərəcəsində Xaybula Musalov azarkeşləri sevindirməyi bacarıb. Dörddəbir finalda boksçumuz Kazan universiadasının qalibi belaruslu Vitali Bandarenkadan üstün olub -3:0. O, yarımfinalda macarıstanlı Zoltan Harcsa ilə qarşılaşacaq.

Axşam saatlarında birinci Avropa Oyunlarının boks yarışlarında ilk finalçılar məlum olub. Qadınların mübarizəsində 48-51 kiloqram çəki dərəcəsində final qarşılaşmasında yarımfinalda türkiyəli Elif Coşkunu məğlub edən Böyük Britaniya boksçusu Nikola Adams ilə rusiyalı Sayan Saqatayeva üzərində qələbə qazanan polşalı Sandra Drabik üz-üzə gələcəklər. Digər final görüşündə isə niderlandlı Nuşka Fontiyn (69-75) və isveçli Anna Laurel Naş qarşılaşacaqlar.

Kişi boksçuların mübarizəsində yarımfinalda Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) rusiyalı Pavel Silyagini 3:0 hesabı ilə məğlub edərək finala yüksələn ilk boksçumuz olub. Onun finaldakı rəqibi italiyalı Valentino Manfredonia olacaq.

Digər görüşlərin nəticələrinə əsasən irlandiyalı Brendan İrvin (46-49 kq) finalda rusiyalı Bator Saqaluev, Belarus idmançısı Dzmitri Asanau (56kq) isə yarımfinalda Azərbaycan təmsilçisi Tayfur Əliyevi mübarizədən kənarlaşdıran Baxtovar Nazirov ilə qızıl medalların taleyinə aydınlıq gətirəcəklər.

Yarımfinal mərhələsinin digər görüşləri iyunun 25-26-da keçiriləcək.
image description image description image description image description image description