- Köhnə - Hadisə
- 6 Sentyabr 2017 12:51
- 4 865
Hövsanda doğranmış kişi meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb
Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib.
Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
AzNews.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.