FHN tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb - Yenilənib-2

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.

Saat 10:04

***

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".

***
16:06
Trend-in məlumatına görə, Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanır. Hazırda Bakı səmasını qara tüstü bürüyüb.