Bayram günlərində yol qəzalarında neçə nəfər ölüb?

5 gündə 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb



Bayram günlərində respublika ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, martın 20-dən 25-dək respublikanın avtomobil yollarında 79 yol qəzası qeydə alınıb. Nəticədə 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən qəzaların böyük əksəriyyəti Bakı-Şamaxı yolunda baş verib ki, həmin qəzalara da yüksək sürət səbəb olub.

K. Əliyev sabah, yəni bayramın sonuncu günü rayonlardan paytaxta qayıdan vətəndaşların sayının daha çox olacağını nəzərə alaraq, sürücülərə müraciət edib, onları sürət həddini aşmamağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.

K. Əliyev onu da əlavə edib ki, ötən il Novruz bayramı günlərində respublikada baş verən 68 yol qəzasında 17 nəfər ölüb, 73 nəfər xəsarət alıb.

AzNews.az