Bayram Səfərov: “Orduda əsgər ölməsin, kim ölsün?

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov ona sual ünvanlayan jurnalistlərə sərt cavab verib. Kəlbəcərin işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən Bayram Səfərov media nümayəndələrinə qarşı aqressiv davranışları ətrafdakı insanların da təəccübünə səbəb olub.

Belə ki, İctimai Televiziyanın əməkdaşını icma rəhbərindən ermənilərin Kəlbəcərdə inşa etdirdiyi orta məktəb barəsində soruşub. Bayram Səfərov isə… telejurnalisti ermənilərə xidmət etməkdə ittiham edib: "Bu nə erməni sualıdır verirsən əə...Bu boyda Azərbaycanda 3000 məktəb tikilib, onu görmürsən, erməninin Kəlbəcərdə tikdiyi bir məktəbi görürsən? Ayıb olsun....".

Bayram Səfərovun jurnalisti təhqri etdiyini görən digər media mənsubları ona etirazlarını bildirdikdə Bayram Səfərov daha da coşub: "Görmürsən, verdiyu sualı".

"Bizim Yol"un "Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri kimi hərbi hissələrdəki müəmmalı əsgər ölümləri sizi narahat edirmi" sualını da Bayram Səfərov əsəbli reaksiya ilə qarşılayıb: "Bir dəqiqə söndür əlindəkini...Mənim oğlum yerindəsən, bu təxribatçı sualdı verirsən. Yaraşır sənə...? Orduda əsgər ölməsin kim ölsün? Ordudu, hər şey ola bilər. Niyə yazmırsan ki, Azərbaycan ordusu Qarabağı azad edəcək. Bu təxribatçıların yeri deyil axı. Gələrsən, mən sənə deyərəm, əsgərlər niyə ölür".

Bayram Səfərov əməkdaşımızın daha bir "Azərbaycana gələn xarici diplomatlar nədən Sizinlə görüşdən yayınır" sualına isə belə cavab verdi: "Sən nə bilirsən ki, mən onları qəbul edərəm. Onlar kimdi ki, mənlə görüşməsinlər".

AzNews.az