Güclü leysan Göyçaya ciddi ziyan vurdu

Göyçay rayonuna yağan güclü leysan rayonda sel və daşqınlara səbəb olub


AzNews.az xəbər verir ki, sel suları evlərə, əkin sahələrinə ciddi ziyan vurub. Ötən gecə rayon ərazisinə düşən güclü leysan nəticəsində dağlardan gələn sel suları şəhərin qərb hissəsinə, Ərəbcəbirli, Kürdəmiş, Qarbağlar, Bığır, Aşağı Qaraməryam və Şəhadət kəndlərində daha ciddi problemlər yaradıb.

Güclü sel səbəbindən 150-ə yaxın evin həyətyanı sahəsinə, mənzillərin zirzəmilərinə, kafe və çayxanalara, sosial obyektlərin ərazisinə su dolub, küçələri lil qatı örtüb. Sel suları həyətyanı sahələrin hasarlarını və yardımçı tikililəri uçurub, 100 hektardan çox əkin sahəsinə və taxıl sahəsinə ciddi ziyan vurub.

Hazırda sel basan ərazilərə ağır texnikalar və su çəkən nasoslar cəlb edilib, əhaliyə dəyən ziyanın fəsadları aradan qaldırılır. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baxış keçirirlər.

Qeyd edək ki, ötən gün güclü küləklə müşaiyyət olunan leysan yağışları Bığır, Sahsoltanlı və Yekəxana kəndlərində taxıl sahələrinə də ziyan vurub. Külək səbəbindən Bığır kəndində 5 ədəd elektrik dirəyi, iki ağac aşıb, naqillər qırılıb Kənd ərazisində yerləşən 8 saylı elektrik şəbəkə paylayıcısından öz mənbəyini götürən 3 kəndi Mırtı, şəkər və Alı kəndləri elektrik enerjisiz qalıb. Artıq bəzi kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ruhiyyə
AzNews.az