Təhsil Nazirliyində araşdırma aparılır - VİDEO

"Adam döymə inzibati xətadır"




Son vaxtlar orta məktəblərdə şagirdlərə qarşı zorakılıq hallarını əks etdirən videoların yayılması cəmiyyətdə müzakirlərə səbəb olub.


Məsələn, sosial şəbəkələrdə paylaşılan bu video Göyçayda çəkilib. Kadrlardan görünür ki, coğrafiya müəllimi dərsə hazırlaşmayan şagirdi lövhə önünə çıxararaq ona yumruq zərbələri endirir. Görüntülər dərs zamanı şagirdlər tərəfindən telefona çəkilərək internetdə yerləşdirilib. Hələlik bu videoda şagirdi döyən müəllimənin kimliyi və hansı məktəbdə çalışması dəqiq bilinmir. Lakin hazırda Təhsil Nazirliyində araşdırılır.

Psixoloqların bu istiqamətdə apardığı araşdırma isə göstərir ki, şagirdlərin zorakılıq halları ilə üzləşməsi onların psixoloji travma almasına gətirib çıxarır. Gələcəkdə həmin uşaq ona edilən zorakılığı başqasına tətbiq edir və ya həmin müəllimin timsalında bütün müəllimlərə qarşı onda aqressiya, nifrət hissi oyanır. Psixoloq Elnur Rüstəmov deyir ki, bu kimi hallar araşdırılanda məlum olur ki, müəllimin ya evində, şəxsi həyatında, yaxud özündə psixoloji problemi var və o, bu aqressiyanı uşağa yönəldir. Digər səbəb isə şagirdin çox nadinc olması və müəllimi özünü idarə edə bilməyəcək hala gətirib çıxarmasıdır.

Hüquqşünas Qüdrət Hüseynov deyir ki, adam döymə inzibati xətadır və buna görə də həmin şəxs qanunvericilik əsasında cəzalandırılmalıdır.

Xatırladaq ki, bir müddət bundan əvvəl də sosial şəbəkələrdə Sumqayıtdakı 17 saylı məktəb-liseydə müəllimin şagirdləri döyməsini əks etdirən videolar yayılmış və nəticədə məktəbin təlim-tərbiyə işləri üzrə müavini olan Ziyadxan adlı müəllim tutduğu vəzifədən azad edilmişdi.//anspress//




AzNews.az