Azərbaycanda yeni dövlət qurumu yaradılacaq

“Rəqabət Məcəlləsi” üçüncü oxunuşda Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq”



Bunu Lent.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, qanunun qəbul olunmasında əsas məqsəd Azərbaycan iqtisadiyyatındakı mənfi halların, monopoliyanın aradan qaldırılmasıdır: "Bu gün Azərbaycan iqtisadiyyatında qeyd etdiyim mənfi hallar mövcuddur. Adıçəkilən qanunun qəbulu müəyyən qədər bu cür hallara təsir göstərəcək".

Millət vəkili onu da vurğulayıb ki, qanunda yeni bir dövlət qurumunun yaradılması nəzərdə tutulub. "Rəqabətlə bağlı yeni qurumun yaradılması nəzərdə tutulub. Bu qurumun nazirlik və yaxud başqa bir formada yaradılmasından asılı olmayaraq, əsas məqsəd budur ki, bu dövlət qurumu müstəqil fəaliyyət göstərsin və heç kəsin tapşırıqlarını yerinə yetirməsin"-deyə, V. Əhmədov əlavə edib.

Millət vəkili onu da vurğulayıb ki, inhisar məsələsi ağır məsələdir və bütün dünyada bu problem mövcuddur: "Dünyada iqtisadiyyata müəyyən məmurlar tərəfindən müdaxilələr olur, bəzi məhsullar inhisara alınır və bu, Azərbaycanda da mövcuddur. Yeni yaradılacaq qurum bazarda monitorinqlər aparmaq, müəyyən qərarlar vermək imkanına malik olacaq".

AzNews.az