Cəlal Əliyevin 85 illik yubileyi Bayraq Meydanında qeyd edildi

Akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları–2013” mövzusunda beynəlxalq konfransın iştirakçıları Dövlət Bayrağı Meydanında olub.



Beynəlxalq konfransın iştirakçılarının diqqətinə çatdırılıb ki, 2007-ci il noyabrın 17-də İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb. Elə həmin ilin dekabrın 30-da paytaxtın Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. 2010-cu il sentyabrın 1-də isə Prezidentin iştirakı ilə meydanının təntənəli açılış mərasimi olub. İnşa olunan dayağın hündürlüyü 162 metrdir.

Konfrans iştirakçıları İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olublar. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olan dövlətlərin bərpa olunan bayraqları nümayiş olunub. Burada həmçinin Azərbaycanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, dövlət atributları da vardır.

Muzeydə Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikat da nümayiş olunu.

Qonaqlar Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıb. (AzərTac)

AzNews.az