Güclü leysan Zaqatalada fəsadlar törədib

Zaqatalada yağan leysan yağışlar bir sıra fəsadlar törədib.




APA-nın yerli bürosunun məlumatına əsasən, iyunun 8-i axşam saatlarından başlayaraq Zaqatalada hava kəskin pisləşib.

Göy guruldayıb, şimşək çaxıb, güclü külək əsib, fasilələrlə leysan xarakterli güclü yağış yağıb.

İyunun 8-dən 9-a keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin, Zaqatala rayon ərazisindən keçən hissəsinə yağan güclü yağışlar nəticəsində dağ yamaclarından Mazıx kəndinə sel gəlib.

Sel suları 10 yaxın evin birinci mərtəbəsini basıb, kəndin bəzi yerlərində rabitə və elektrik dirəkləri aşıb, naqillər qırılıb və kəndin içməli su xətti sıradan çıxıb.

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov kəndə gedərək mövcud vəziyyətlə yerində tanış olublar.

Fəsadların aradan qaldırılması üçün iyunun 9-da səhər saatlarında əraziyə müvafiq idarə və təşkilatların təmsilçiləri cəlb edilib.

Zaqatala rayon FHK-nın sədri Elman Ramazanov APA-ya bildirib ki, yağış sularının Mazıx kəndinə vurduğu ziyanı müvafiq qurumlar işini yekunlaşdırdıqdan sonra müəyyənləşdirmək mümkün olacaq.

AzNews.az