Hüquq müdafiəçisinin ofisi dağıdıldı - FOTO

"Təmiz Dünya" Qadınlara Yardın İctimai Birliyinin İçərişəhər, İlyas Əfəndiyev 18 ünvanında yerləşən ofisi dağılıb. Təşkilatın sədri Mehriban Zeynalova bildirib ki, problem iyulun 19-da ortaya çıxıb.

Məlumata görə ofisin arxa hissəsində yerləşən mənzilləri adı məxfi saxlanılan şirkət alaraq burada tikinti işlərinə başlayıb. Ərazidə yeni otelin inşa edildiyi bildirilir.

Otelin özəyi qazılan zaman isə "Təmiz Dünya" Təşkilatının ofisinə əvvəlcədən hər hansı bir xəbərdarlıq edilməyib. Nəticədə özül qazılan zaman divarlarında böyük çatlar əmələ gəlib və mənzil qəzalı vəziyyətə düşüb. İlyas Əfəndiyev küçəsində yerləşən daha 4 mənzilin də analoji vəziyyətlə üzləşdiyi bildirilir.

Hazırda təşkilatın fəaliyyəti iflic olub və zorakılığa məruz qalan, təşkilatın sığınacağında yerləşdirilən onlarla qadın küçədə qalıb. Təşkilat "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna müraciət edib. Amma qoruq nümayəndələri aktlaşdırılmadan imtina ediblər.

M.Zeynalovanın sözlərinə görə, dağıdılan ofislə bağlı "İçərişəhər" qoruğu tərəfindən qondarma iddialar irəli sürülüb: "Dediklərinə görə ora yaşayış yeri deyil və monitorinq aparılaraq bizə xəbərdarlıq edilib. Amma burada yaşayan sakinlərdən heç biri bunu təsdiq etmir. Şəxsi əmlakım darmadağın edilib, təşkilatın fəaliyyəti dayanıb. Hazırda demək olar ki, küçədə işləyirik".

Elnarə
AzNews.az
image description