Yaşlı kişini qətlə yetirən gəncin cəzası yüngülləşdirildi

Bu gün Şəki Apelyasiya Məhkəməsində tamah məqsədilə xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakinləri - Kamran Rüstəmov və Orxan Rüstəmovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə Orxan Rüstəmovun apelyasiya şikayəti qismən təmin edilib və onun barəsində olan hökm dəyişdirilib.

Məhkəmə Orxan Rüstəmovun cəzasından 1 il 8 ay 2 il çıxıb və barəsində qəti olaraq 12 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb. Kamran Rüstəmovun apelyasiya şikayəti təmin edilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Rüstəmov 15 il, Orxan Rüstəmov 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər ötən ilin fevralın 28-də, Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurahmanovu yaşadığı mənzildə küt alətlə qətlə yetiriblər. Onlar 77 yaşlı kişini qətlə yetirəndən sonra mənzildən 130 manat pul, 2 ədəd pensiya kartı və bir ədəd qapaqlı cib saatı oğurlayıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.1-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham ediliblər.

Kamran Rüstəmov əvvəllər Rusiyada iki dəfə məhkumluq həyatı keçirib.

AzNews.az