Saxta məktəbli paltarları satan mağaza aşkarlandı

Bakıda saxta məktəbli geyimləri satan mağaza aşkarlanıb.

"APA-Economics"in məlumatına görə, bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) "Neftçilər" metrosu yaxınlığında yerləşən "Məktəbli dünyası" mağazasında reyd keçirib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarətinin jurnalistlərin iştirakı ilə keçirdiyi reyddə müəyyən olunub ki, bu mağazada satılan məktəbli geyimləri əmtəə nişanlarının saxtalaşdırılması yolu ilə haqsız rəqabətə yol verilməklə istehsal olunub.

BTE-nin Məhsula nəzarət şöbəsinin rəisi Əli Məmmədovun sözlərinə görə, bu mağazada satılan məktəbli geyimləri saxtadır: "Bu məhsulların üzərində Bakı Tikiş Evinin emblemi vurulsa da, onlar bizim fabrikdə istehsal edilməyib. Onların rəngi, quruluşu, məhsulun parçası BTE-nin istehsal etdiyi məhsullardan tam fərqlənir. Bu məhsullar ilkin ehtimallara görə, Çin Xalq Respublikasında istehsal olunur və BTE-nin istehsal etdiyi məhsulların tam əksidir".

Ə.Məmmədov bildirib ki, BTE-nin məktəbli geyimlərinin iç tərəfdən cibi var, bu məhsullarda isə cid qoyulmayıb: "Bu kontrafakt məhsulların tikilişində də kobud səhvlər var. İçində astar belə saxlamayıblar. Onların harada və kimlər tərəfindən istehsal edildiyi də bəlli deyil".

Mənşəyi bəlli olmayan məhsullardan danışan BTE nümayəndəsi bildirib ki, ola bilsin, bu geyimlər şagirdlərdə müxtəlif xəstəliklərin əmələ gəlməsinə də səbəb olsun: "BTE-nin məhsullarına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi uyğunluq sertifikatı, əmtəə sertifikatı verib. Bu məhsulların standartı Komitə tərəfindən mütəmadi olaraq yoxlanılır: "Səhiyyə Nazirliyi də bizim istehsal etdiyimiz məhsullar barəsində sağlamlıq haqqında uyğunluq sertifikatı verib. Bu məhsulları almaqla alıcı iki dəfə ziyana düşür. Birincisi, övladlarının sağlamlığını təhlükə altına atır, ikincisi isə keyfiyyətsiz məhsula pul verməklə bir dəfə yuyulduqdan sonra ikincisini almaq məcburiyyətində qalır".

SMPDK mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, bu reyd Komitəyə daxil olan çoxsaylı zənglər tərəfindən nəzərə alınaraq, BTE-nin adı ilə istehsal olunan mənşəyi məlum olmayan məhsulları aşkar etmək və alıcıların aldadılmasının qarşısının alması məqsədilə keçirilib: "Bu məktəbli formalarının nümunələri götürülərək komitənin sınaq laboratoriyasına göndəriləcək və yaxın günlərdə onun nəticələri ilə bağlı ictimaiyyətə tam açıqlama veriləcək. Bu ilk belə reyddir və bu cür reydlər bundan sonra da davamlı olaraq təşkil ediləcək".

F.Talıblı bildirib ki, həmin müəssisə bu gündən bağlanacaq və cərimə tətbiq ediləcək: "Bu, həm də digər bu cür saxta məhsullar satan müəssisələr üçün nümunə olmalıdır. Alıcılar bu cür işbazların və saxtakarların qurbanı olmamaq üçün məktəbli geyimləri alarkən satıcıdan BTE-nin sertifikatını tələb etsinlər".

AzNews.az