Nazirlik 100 min cərimə tələb edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 138 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 56 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 39 iş üzrə 101200 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 2742,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 241 iş üzrə 145067,23 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 24, məhkəmələrə isə 1 iş göndərilib.

AzNews.az