Bu gün Bakı-Pekin aviareysi üzrə ilk uçuş yerinə yetiriləcək

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Pekin-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır.

"APA-Economics"in AZAL-a istinadən verdiyi məlumata görə, açılışı may ayının 10-na nəzərdə tutulan bu reys Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar təxirə salınmışdı.

Uçuşlar müasir və komfortlu "Airbus A-340" və "Boeing-767" tipli təyyarələrlə həftədə iki dəfə həyata keçiriləcək. "Bakı-Pekin aviareysi II və V günlər - Bakıdan saat 15:15-də, Pekin-Bakı aviareysi isə III və VI günlər - Pekindən saat 05:45-də yerinə yetiriləcək.

Bakı-Pekin-Bakı istiqamətində "ekonom" sinifli aviabiletlərin minimal qiyməti 473 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).

AZAL Çinin tərəfdaş aviaşirkətləri ilə birgə öz sərnişinlərinə Pekindən Çinin Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və digər şəhərlərə, eləcə də Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər də təqdim edəcək.

AzNews.az