Ucarda canavarlar qoyun sürüsünə hücum etdi

Ucar rayonunun Lək kənd sakini, 1968-ci il təvəllüdlü Hüseynov Bəhman Rəhim oğlu 40 başa yaxın xırda buynuzlu heyvanını qonşu Qazyan kəndinin otlaq sahəsində otararkən 3 baş canavar qoyunlara hücum edib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə avqustun 15-də günorta saat 13:00 radələrində baş verib. Vəhşi heyvanlar 3 qoyunu yerindəcə öldürüb, 6 qoyunu isə ölümcül yaralayıblar.

B. Hüseynov maşında olduğundan canavarlar ona xəsarət yetirməyiblər. O, səs-küy saldıqdan sonra canavarlar sürüdən aralanıb. Hadisə yerinə çağırılan yerli baytar həkimləri yaralı heyvanlara kömək göstərib və onlara quduzluğa qarşı vaksinlər vurublar.

Kənd sakinlərinin sözlərinə görə, ilk dəfədir ki, canavarlar günorta saatlarında mal-qaraya hücum edib. Adətən bu cür hallar gecə saatlarında və yağıntılı havalarda müşahidə olunur.


AzNews.az