“Bulla-dəniz” yatağına hərbi gəmidən atəş açılıb

"Bulla-dəniz" yatağında 90 saylı quyuda baş verən qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb.

Bu vəziyyət quyuya yaxınlaşmağı mümkünsüz edirdi. ARDNŞ və FHN-nin yüksək ixtisaslı əməkdaşlarından təşkil olunan komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanırdı.

Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunan, Sərhəd qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsi ilə quyu ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib. Nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olub.

Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsi ilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılmış və alovun qarşısında su pərdəsi yaradılıb.

Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib.

Əməliyyat zamanı ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirilib. Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olunub. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilmiş və hazırlıq işləri başa çatdırılıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. (anspress)

AzNews.az