Bakıda ev uçdu - VİDEO

Bakıda yaşayış evində uçqun olub. Hadisə ötən axşam saat 17.00 radələrində Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 157 saylı ünvanda qeydə alınıb.

Evin arxa divarının uçması zamanı otaqda evin sahibi 65 yaşlı Hamlet Əsgərov da olub. Yeni əməliyyatdan çıxan Hamlet Əsgərovun köməyinə həyat yoldaşı Gülarə Alışova yetşib: "Kişini aparıb o otaqda uzandırdım ki, bu otağı təmizləyim. Sonra dedim üzüm də yuyub yanına qoyum yesin. Elə otağa girmək istəyirdim ki, gördüm şkaf üstümə gəldi. Yazıq kişini şkafın altından sürüyüb çıxarmışıq".

Evdə qalmaq təhlükəli olduğundan xəstəni həyətin ortasında çarpayıya uzadıblar. Ev sahibəsi Gülarə Alışova deyir ki, 4 ildən çoxdur evləri qəzalı vəziyyətdədir. Qəzalı evdə yaşamağın təhlükəli olduğunu anlayan Gülarə xanım dəfələrlə adiyyatı qurumlara müraciət etsə də, bir nəticəsi olmayıb. Yaşayış evini qəzalı vəziyyətə salan isə yaxınlıqda tikinlən göydələndir. Hündürmərtəbəli binanın bünövrəsi qazılanda otaqlarda iri çatlar əmələ gəlib.

Sözügedən ünvanda qəzalı olan tək Alışovların evi deyil. Həyətdə 7 yaşayış evi var ki, hamısı eyni aqibətdədir. Bu günki hadisədən sığortalanmadıqlarını deyən qonşular evlərində yaşamağa qorxurlar.
4 ildir 157 saylı həyətin sakinlərini burdan köçürəcəklərinə söz verən "Tərəqqi" MTK tikinti şirkətinin sədri Rizvan Məmmədov baş verənlərə belə aydınlıq gətirib. "Bu ilin axırı onları köçürdəcəm. İndi kirayəyədə çıxa bilərlər. Vəsaiti mən ödəyəcəm. Bu vaxta qədər çox pul istəyirdilər, ona görə köçürməmişik".

Yaşayiş evinin tabe olduğu Nəsimi rayonu 59 saylı MİS-də isə deyirlər ki, evi uçan sakinin taleyi ekspertizanın rəyindən asılı olacaq.



AzNews.az