Qanunsuz reklamların yayımı dayandırıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılov Fizuli Qüdrət oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın giriş hissəsində "Mağazanın bağlanması ilə əlaqədar bütün mallara 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan bir qisim malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

AzNews.az