Polisin zorla dəlixanaya saldırdığı qadın barədə yeni MƏLUMAT

Bakıda ailə üzvləri və qohumlarının xəbəri olmadan polis tərəfindən Maştağadakı Ruhi Əsəb Dispanserinə salınan 40 yaşlı Səbinə Ağayeva (ad şərtidir) artıq evinə qaytarılıb. Məsələnin həlli qeyri-hökumət təşkilatı və mətbuatın məsələyə müdaxiləsindən sonra mümkün olub. Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən daxil olub. Təşkilatın məlumatına görə, məlumat mətbuatda yayıldıqdan və təşkilatın müraciətindən sonra Səhiyyə Nazirliyi məsələyə müdaxilə edib: "Nizami rayonu ərazisində yaşayan qadını dispanserə salınmasında həmin rayonun polis idarəsinin əməkdaşını ittiham edir. Qadın dispanserdən çıxarılaraq, artıq evinə göndərilib. Ancaq biz təşkilat olaraq bu hadisəyə səbəb olan şəxsin cəzalandırılmasını istəyirik. Bununla bağlı hətta ölkə Prezidentinə, Ombudsman Aparatına və prokurorluğa müraciət edilib. Məsələ ilə bağlı Nizami rayon 25-ci polis bölməsində araşdırma aparılır".

Xatırladaq ki, bu barədə məlumatı ilk dəfə AzNews.az yayıb. Qadının dispanserə göndərildiyini onu görmək üçün rayondan gələn bacısı aşkarlayıb. O, qonşulardan öyrənib ki, bacısını zorla Maştağaya aparıblar. Ancaq onu polis əməkdaşı və ya sahə müvəkkilinin apardığı hələlik dəqiq məlum deyil.

Elnarə
AzNews.az