Elşad Abdullayevin keçmiş ortağı təcridxanada öldü - ÖZƏL

Zərdab rayon təhsil şöbəsinin müdiri Baba Babayevin qardaşı Zülfi Babayev həbsdə saxlandığı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib.

AzNews.az-a daxil olan məlumata görə, Z.Məmmədov Zərdabın Məmmədqasımlı kəndində dəfn edilib.

Xəbəri AzNews.az-a açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da təsdiq edib.

O bildirib ki, Z.Babayev istintaq altında saxlandığı Kürdəxanıdakı təcridxanada infarktdan ölüb.

Əldə etdiyimiz məlumata görə, Z.Babayev fırıldaqçılıqda ittiham edilirmiş.

Xatırladaq ki, Z.Babayev bundan əvvəl də bir dəfə həbs edilibmiş. Buna səbəb isə onun Ümumdunya Texnologiya İnstitutunun Azərbaycan filialını yaradaraq, özünü rəhbər elan etməsi olub. Həmin dövrdə fırıldaqçılıqla məşğul olmaqda günahlandırılaraq həbs edilən Z.Babayev qısa müddət sonra azadlığa çıxmışdı.

Əldə etdiyimiz digər bir məlumatda isə təcridxanada dünyasını dəyişən Z.Babayevin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə münasibətlərindən bəhs edilir.

Mənbənin verdiyi məlumata görə, Z.Babayev illər öncə Ümumdunya Texnologiya İnstitutunun Azərbaycan filialını məhz E.Abdullayevin vasitəçiliyi, maddi və inzibati dəstəyi ilə yaradıbmış.

Həmin dövrdə ikilinin münasibətlərinin xeyli yaxın olduğu qeyd edilir. Lakin E.Abdullayevin "vurulmağa" başlandığı ərəfələrə təsadüf edən həmin dövrdə Z.Babayevin də layihəsi uğursuzluğa düçar olub və həyata keçirilməsinin qarşısı alınıb.

Azər
AzNews.az