Arvadının qulaqlarını kəsən şəxsə cinayət işi açıldı

Azərbaycanın hər tərəfli inkişaf etdiyi, dünyaya inteqrasiya olunduğu bir vaxtda cəmiyyətimizdə bizi geri çəkən məqamlar da hələ də ara-sıra üzə çıxmaqdadır.

Söhbət cəmiyyətdə qadınlara qarşı tez-tez rastlaşdığımız zorakılıq, təhqiramiz hərəkətlər və bu kimi hallardan gedir. Artıq belə bir konkret halla bağlı tədbir görülüb. Astarada 28 yaşlı həyat yoldaşının əllərini bağlayıb dəmir parçası ilə döyən, qulaqlarını kəsib, başını qırxan əri polisə ifadə verib.

Astara sakini 28 yaşlı Nisə Xəlilovanı vəhşicəsinə döyən həyat yoldaşı Çingiz Mehdiyev artıq bir neçə saat bundan əvvəl polisə ifadə verib. Astara rayon Prokurorluğuna gələrək ifadə verən ər, hadisəni namus üstündə törətdiyini bildirib. Hazırda, faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb. Çingiz Mehdiyevin əməli sübuta yetirildiyi təqdirdə onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Astara rayon mərkəzi xəstəxanasına 3 gün öncə yerləşdirilən rayonun Kələdəhnə kənd sakini, 28 yaşlı Nisə Xəlilovanın hazırkı durumu isə orta ağır olaraq qalır. Çingiz Mehdiyev həyat yoldaşına 4 bıçaq xəsarəti yetirib. Qulaqları kəsilməklə yanaşı, saçlarını da qırxıb, qadının bədəninin müxtəlif nahiyələri döyülməkdən qançır olub. Kişi isə bu hərəkətləri ilə özünə haqq qazandırmağa çalışır. Gecə saat 4-də həyat yoldaşını dostunun maşınından düşərkən görəndə əsəblərinə hakim ola bilməyən kişi xanımının ona xəyanət etdiyni düşünüb. Gəlinin yaxınları isə bu iddiaları rədd edir və döyülmənin gəlinin nişan üzüyü üstə olduğunu bildirir. Nisə Xəlilovanın valideynlərinin sözlərinə görə, qumarda uduzan ər üzüyü vermək istəməyən qadını işkəncələrə məruz qoyub.

Əslən Artoba kəndindən olan Nisə Xəlilova 9 il öncə el adəti ilə qonşu Kələdəhnə kəndinə gəlin köçüb. Bu izdivacdan iki övladları dünyaya gəlib. Valideynləri qızlarının əri tərəfindən mütəmadi olaraq döyüldüyünü deyir. Elə son 9 ayı da Nisə atasıgildə olub və qaynanasının təkidi ilə ər evinə qayıdıb.

Azərbaycanda isə əri tərəfindən döyülmə hallarına mütəmadi rast gəlinir. Ölkəmizdə qadınlara qarşı zorakılıqla bağlı hüquqi prosedurları məişət zorakılığı haqda qanunla tənzimlənir. Zorakılıq törədənlər qanun qarşısında cavab verməlidirlər. Çingiz Mehdiyevin bu əməlləri də yəqin ki, cavbasız qalmayacaq.(anspress)


AzNews.az