Pərviz Həşimli vəkilindən imtina etdi- Açıqlama

Qondarma ittihamlarla həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin ailəsi vəkil Anar Qasımlıdan imtina edib. Bunu moderator.az-a açıqlamasında jurnalistin həyat yoldaşı İlahə Həşimova bildirib.

İ.Həşimovanın bildirdiyinə görə, buna səbəb A.Qasımlının məbuata verdiyi ziddiyyətli açıqlamalar olub: "MTN təcridxanasında mütəmadi olaraq Pərvizə qarşı mənəvi işgəncələr verilsə də, vəkil müxtəlif mətbuat orqanlarında bunu təkzib edir. O, həqiqətləri ictimaiyyətə düzgün çatdırmadığına görə xidmətlərindən imtina etdik".

Qeyd edək ki, P.Həşimli dünən başqa bir vəkili Elçin Sadıqovla görüşüb və bu görüşdə A.Qasımlının xidmətindən imtina etmək qərarına gəldiyini deyib.

Xatırladaq ki, vəkil A.Qasımlı mətbuata müdafiə etdiyi şəxsə heç bir təzyiq edilmədiyini və vəziyyətinin daim normal olduğunu açıqlayıb.

A.Qasımlı isə "Yeni Müsavat"a açıqlamasında bildirib ki, bu qərar onunçün gözlənilməz olub. Onun sözlərinə görə, ilk gündən etibarən verdiyi bütün açıqlamalarda mənbə ancaq P.Həşimli olub: "Mən onun sözlərini mediaya çatdırmışam. Təəssüf edirəm ki, onun dediklərini yazılı şəkildə almamışam. Çünki MTN-də buna icazə olmayıb. Halbuki təcrübəmdə belə hallar olub ki, məhbus öz durumu ilə bağlı dediklərini öz xətti ilə yazıb və sonradan belə problemlər yaşanmayıb".

Pərviz Həşimlinin atası Kamran Həşimov dünən ABŞ Bakıdakı səfirliyində olub. Səfirliyin ictimai işlər üzrə müşaviri Stefan Qaislə görüşən K.Həşimov moderator.az-a açıqlamasında bildirib ki, görüşdə bir sıra məsələləri müzakirə ediblər: "Cənab Stefan Qais oğlum həbs edilərkən ona və ailsinə edilən qanunsuzluqlar, MTN təcridxanasında saxlanma şəraiti, ona edilən mənəvi təzyiqlər, həmçinin müdafiəsinin təşkili ilə maraqlandı. Diplomat Pərvizin məsələsini daim diqqətdə saxlayacaqlarını bildirdi".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə təmsil etdiyi və P.Həşimlinin də üzvü olduğu partiyanın həbsin ilk günlərində onunla bağlı bəyanat verdiyini söylədi. Onun sözlərinə görə, AXCP bu həbsi siyasi repressiya və seçki öncəsi diqqəti siyasi hadisələrdən yayındırmaq cəhdi kimi qiymətləndirir: "Beynəlxalq təşkilatlardan da onun hüquqlarının qorunması istiqamətində iş aparılması üçün müraciət olunub. Bu həbs ilk gündən AXCP-nin diqqət mərkəzindədir. Hazırda gündəmdə dayanan əsas məsələ seçki olsa da, seçkidən sonra bütün qüvvəmizi Pərviz Həşimlinin azad olunmasına yönəldəcəyik".

Müsahibimiz deyib ki, P.Həşimlinin həbsində əsas motiv Əli Kərimli ilə bağlı olub. AXCP funksionerinin sözlərinə görə, həbsindən öncə də ondan Ə.Kərimliyə qarşı fikirlər söylənməsi tələb olunub: "Pərviz Həşimli buna qarşı çıxdığı üçün həbs edilib. Əminik ki, saxta istintaqın gedişində də təzyiqlər olacaq. Güman edirik ki, həbsdən əvvəl bu təkliflərdən necə imtina edibsə həbs müddətində də ona qarşı yönəldilən təzyiqlər qarşısında mətanətlə dayanacaq".

AzNews.az