Ölkəyə soyuq silahların gətirilməsinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən ölkəyə soyuq silahların gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Antalya-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı İbrahim Rüstəmova məxsus əl yükündən 2 ədəd metaldan hazırlanmış "beşbarmaq", digər Azərbaycan vətəndaşı, İstanbul-Bakı aviareysinin sərnişini Qafar Baxşıyevdən isə özü ilə təyyarənin salonuna keçirməklə gətirdiyi 1 ədəd əsanın içərisində yerləşdirilmiş, tiyəsinin uzunluğu 305 mm olan xəncər aşkarlayıblar.

Bu cür faktlara Xaçmaz Gömrük İdarəsinin sərhəd gömrük keçid məntəqələrində də rast gəlinib. Belə ki, Rusiya istiqamətindən "Şirvanovka" gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Tərlan Hacıyevdən 1 ədəd sökülmüş vəziyyətdə olan 4,5 mm kalibrli "Gietcher" markalı tapança, 5 ədəd qeyd olunan tapançada istifadə olunan qaz balonu, bir ədəd qobur və təqribi çəkisi 400 qram olan qırma, Azərbaycandan Rusiyaya gedən bu ölkənin vətəndaşı Pirmaqomedov Axmed Şamaxieviçin idarə etdiyi "Ford Fokus" markalı H 734 AE 05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə "Samur" gömrük postunda keçirilmiş gömrük baxışı zamanı bəyan olunmayan 25 yerlik güllə qoymaq üçün nəzərdə tutulmuş plastik qabda 7 ədəd 9 mm kalibrli rezin başlıqlı güllələr aşkarlanıb. "Samur" gömrük postunda Rusiyadan gələn sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı Azərbaycan vətəndaşı İsmayıl Cəbiyevdən 75 ədəd 16 kalibrli metal boş ov patronlarının gilizləri və 800 ədəd ov patronlarının pistonları, "VolksvagenGrafter" markalı 57 BT 675 dövlət nömrə nişanlı mikroavtobusu idarə edən Azərbaycan vətəndaşı Muxtar Bağırovdan isə optik nişangah, İspaniya istehsalı olan 4,5 kalibrli tüfəng, qeyd olunan tüfəngdə istifadə olunan qırma, 15 ədəd 32 kalibrlik boş gilizlər aşkar olunub.

Belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışıblar. Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulur.


AzNews.az