Sürücülərə xəbər var

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul və Kürdəmirdən keçən hissəsində iki əlavə zolağın tikintisi davam edir. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, avtomobil yolunun 120-ci km-dən başlamaqla ümumi uzunluğu 80 km təşkil edəcək. P. Mürsəliyev bildirir ki, layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur. Tikinti işlərinə gəldikdə torpaq işlərinin ümumilikdə 70%-i yerinə yetirilib, 15 km-lik məsafədə isə ikiqat asfalt örtüyü döşənib.Yaxın bir neçə gündə isə 20 km-ə yaxın məsafədə ikiqat asfalt örtüyünün vurulması işləri başa çatdırılacaq. Bütün bu işlərlə yanaşı, piyada və heyvan keçidlərinin, müxtəlif süni qurğuların tikintisi işləri də həyata keçirilir.

Qeyd edək ki, tikinti işlərində istifadə olunan asfalt döşəyən maşın ən müasir cihaz və mexanizmlərdən ibarətdir. Avropa istehsalı olan və lazer nəzarət cihazları ilə təchiz olunan bu maşın asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində müstəsna rola malikdir.

Sevinc

AzNews.az