Salyanda avtoqəza: ər-arvad öldü, uşaqları yaralandı

Azərbaycanda baş verən yol qəzasında ər və arvad dünyasını dəyişib, övladı isə ağır xəsarət alıb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun Yolüstü kəndində qeydə alınıb. 1942-ci il təvəllüdlü Qurban Qara oğlu Ağarzayevin idarə etdiyi "52-BG-932" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 1962-ci il təvəllüdlü Dünyamalı Ağalar oğlu Əmrəliyevin idarə etdiyi "50-BR-564" dövlət nömrə nişanlı "VAZ 21-06" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 21-06" da olan 1972-ci il təvəllüdlü Ələddin Qadir oğlu Ağarzayev və həyat yoldaşı 1971-ci il təvəllüdlü Xanım Sultan qızı dünyasını dəyişib. Onların oğlu - 2001-ci il təvəllüdlü Abbas, 1971-ci il təvəllüdlü Gülarə Əliheydər qızı Abbasova, 1963-cü il təvəllüdlü Elmira Əliheydər qızı Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, "Hyundai" markalı avtomobilin sürücüsü qəzada ölən Ə. Ağarzayevin əmisidir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az