Spirtli içkini gördü, oğurluq yaddan çıxdı - Goranboyda

Goranboy rayonu, Dəliməmmədli şəhərinin Azərbaycan küçəsində mağazadan oğurluq edilib.

Türkel TV-də bildirilir ki, Mövlan Niftəliyevə məxsus mağazaya onun qonşusu Mahir Rzayev döşəməni xüsusi avadanlıqla sındıraraq daxil olub. Mağaza sahibinin sözlərinə görə, cinayətkar dükana daxil olandan sonra burada spirtli içki qəbul edərək yatıb qalıb. Mağaza sahibi səhər tezdən mağazanı açanda görüb ki, qonşusu M.Rzayev dükanda yatır. Bu zaman qapını bağlıyıb qonşuları və yaxınlıqda olan polis əməkdaşlarını köməyə çağırıb.

Nəticədə M.Rzayev qaçmağa cəhd göstərsə də, rayon polis şöbəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub. Bundan başqa, cinayətkar dükanda olan bir çox ərzaq məhsullarını yerə dağıdıb.

Xatırladaq ki, M.Rzayevin mağaza sahibinə 150 manat borcu var imiş. Qeyd edək ki, M.Niftəliyevə oğurluq zamanı 1500 manat ziyan dəyib.

Faktla bağlı Goranboy rayon polis şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. Onun digər cinayətlərdə əli olub-olmaması araşdırılır.

AzNews.az