İncəsənət Gimnaziyasında növbəti biabırçılıq: direktor müavini dayəni döydü

Adı son zamanlar mətbuatda tez-tez hallanan İncəsənət Gimnaziyasında direktor müavini ilə məktəbin texniki işçisi arasında növbəti qalmaqal baş verib.


Bu barədə AzNews.az-a Bakı sakini, övladı həmin məktəbdə təhsil almış R. Quliyeva məlumat verib. Onun sözlərinə görə, direktor müavini İmanova Zümrüd müəssisənin texniki işçisi, məktəbin yataqxanasında növbətçi dayə işləyən Gülçöhrə Əliyevanı təhqir edərək ona əl qaldırıb. Hadisə gimnaziyanın icraçı direktoru Mahizər Şabanbəyovanın gözü qarşısında baş verib. Hadisədən sonra G.Əliyeva bu barədə mətbuata məlumat verəcəyini bildirib. G.Əliyevanın gimnaziyada baş verənləri mətbuata çıxaracağından ehtiyat edən gimnaziya rəsmiləri onu oktyabrın 22-də həmin işçini dəvət edərək, onunla söhbət aparıb: "Ancaq ondan üzr istəməyiblər. Gülçöhrə Əliyevaya öz xahişi ilə işdən çıxmaq təklif edilib. Ancaq Gülçöhrə Əliyeva bu təkliflə razılaşmayıb və məsələ ilə bağlı artıq Təhsil Nazirliyinə müraciət etdiyini bildirib".

R.Quliyeva AzNews.az-a müraciətində gimnaziyada çox sayda qanun pozuntularının, o cümlədən "ölü canların" olduğunu bildirib: "Musiqi bölməsi üzrə direktor müavini Aqui Zəhranın atası, təqaüdçü, pedaqoji savadı olmayan, ixtisasca banka konservləşdirilməsi üzrə mütəxəssis Əlimurad Şükürov, bəstəkar Oktay Rəcəbovun həyat yoldaşı, təqaüdçü İmanova Ofellya və qızı Almaz Rəcəbovanın adları işçi kimi qeydiyyatda olsa da, "ölü canlar" siyahısındadırlar".

Gimnaziyada çox sayda qanun pozuntusunun olduğunu iddia edən R.Quliyeva məsələ ilə bağlı gimnaziyanın yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətinə, həmçinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "qaynar xətt" xidmətinə müraciət edib.


Elnur
AzNews.az