- Köhnə - Hadisə
- 29 Oktyabr 2013 10:31
- 1 682
14 il sonra doğulan körpə dünyasını dəyişdi
APA-nın məlumatına görə, 1976-cı il təvəllüdlü Göyçay rayon sakini Qədirova Könül Ağabala qızı övladını dünyaya gətirmək üçün Ağdaş MRX-nın doğum şöbəsinə yerləşdirilib.
Həkimlər ana bətnindəki uşağın qeysəriyyə yolu ilə dünyaya gətirilməsini məsləhət görüblər. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül Qədirovanın vəziyyəti yaxşı olsa da, yeni dünyaya göz açan körpənin vəziyyəti qəflətən pisləşib və həkimlər onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmağı məsləhət görüblər. Yeni doğulan uşaq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, orada isə uşağın Gəncəyə aparılması məsləhət görülüb. Uşaq Gəncəyə aparılarkən yolda dünyasını dəyişib.
Uşağın valideynləri APA-ya bildirib ki, Göyçay MRX-da təmir-bərpa işləri görüldüyündən, ana doğuş üçün yeni tikilmiş və hər cür şəraiti, müasir avadanlıqları olan Ağdaş MRX-ya aparılıb. Orada isə uşağın çəkisinin çox olduğunu və onun çətin doğulacağını əsas gətirərək qeysəriyyə üsulu ilə götürülməsi məsləhət görülüb. Uşaq əməliyyatdan 3 saat sonra dünyasını dəyişib.
Qeyd edək ki, yeni doğulan uşaq oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk övladı idi. Faktla bağlı araşdırma aparılır.
AzNews.az