“Silk Way”in əməkdaşlarına cinayət işi açıldı


"Silk Way" Aviaşirkəti MMC-nin əməkdaşları barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu barədə AzNews.az-a Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cinayət işi "Silk Way" Aviaşirkəti MMC-nin "Ground Handling Company" filialının əməkdaşının qanunsuz əməli barədədir. Belə ki, material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq Cəmiyyətin "Ground Handling Company" filialının Transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzovun, xidmətin sabiq əməkdaşı Mirzəli Quliyevlə əlbir fəaliyyətini araşdırıb. Məlum olub ki, əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən, adı çəkilən şəxslər 6 nəfərin ölkəni qanunsuz tərk etməsinə şərait yaradıb. Belə ki, E.Novruzov 3 min ABŞ dolları alaraq Mirzəli Quliyevin tanışları olan İran İslam Respublikasının 4 vətəndaşının və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında "Azərbaycan Hava Yolları" QSC-nin "Bakı-London" istiqamətində uçan təyyarəsi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaradıb. Bununla da Cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Beləliklə də, E.Novruzova Cinayət Məcəlləsinin 308.1 (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Quliyevə isə həmin məcəllənin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Xəzər rayon məhkəməsinə göndərilib.

AzNews.az