- Köhnə - Hadisə
- 13 Noyabr 2013 11:22
- 2 697
Quba məzarlığında tikinti işləri dayandırıldı
Ərazidə tikinti işlərini həyata keçirən AİCON CPİT MMC-nin sahə rəisi Adil Axundov Trend-ə bildirib ki, qış aylarında tikinti işlərinin aparılması qeyri-mümkün olduğundan ərazidə işlər dayandırılıb: "Məzarlığın üst tərəfində bünövrənin qoyulması üçün torpaq qazılmalıdır. Havalar yağıntılı keçdikdə orada qazıntı işləri aparılsa, məzarlığa su axa, sürüşmə baş verə bilər. Havalar şaxtalı olduqda dəmir-beton konstruksiya işləri görmək də düzgün deyil. Ona görə də bu işləri indi görə bilmirik".
A.Axundov deyib ki, layihəyə görə, məzarlığın üstü torpaqla, ön hissəsi isə şüşə vitrinlə (vakuumla doldurularaq) örtüləcək: "Sümüklər şüşə örtük altına salındıqdan sonra ziyarətçilər içəriyə daxil olmayacaqlar, bunları çöldən görəcəklər".
AİCON CPİT MMC-nin sahə rəisi qeyd edib ki, kompleksdə bayraq meydançasının, avtomobil dayanacağının salınmasını tikinti işlərinin 2-ci mərhələsində həyata keçirmək planlaşdırılsa da, bu işlər daha tez - I mərhələdə görülüb. Növbəti mərhələdə görüləcək işlər - vertolyot meydancasının tikilməsi və şüşə örtüyün salınması gələn ilin payızında yekunlaşacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Bu il sentyabrın 18-də Prezident İlham Əliyev kompleksin açılışında iştirak edib.
AzNews.az