Vergi ödəyiciləri yoxlandı


Vergilər Nazirliyinin əməkdaşları operativ nəzarət tədbirləri həyata keçirib. Bu barədə AzNews.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində ötən ay ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi məsələlər yoxlanılıb.

Operativ nəzarətin əhatə funksiyalarına daxil olan həmin məsələlər üzrə vergi orqanları 2263 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlayıb. 1255 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 343 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən ediib.

Operativ nəzarət tədbirləri zamanı 315 vergi ödəyicisi tərəfindən 504 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 84 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 58 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 670 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

AzNews.az